AZ

CHP və MİT-in gizli toplantısı: Kəşfiyyat qərargahı “mühasirə”yə aldı

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla dünənki görüşü barədə danışıb.

Teleqraf.com xəbər verir ki, partiya lideri bəzi məsələlərə görə MİT-dən yardım istədiklərini açıqlayıb.

“Üzv qəbulu zamanı FETÖ və ya digər terror təşkilatlarının CHP-yə sızmasının qarşısını almaq üçün MİT-dən kəşfiyyat dəstəyi istədik. Xüsusilə indi ABŞ-ın bir çox ştatlarında CHP-nin nümayəndəliklərini açacağıq. Orada ciddi risk var. Almaniyada da PKK təhlükəsi mövcuddur. Orada dedikləri bir söz sonradan partiyaya baha başa gəlir. Bu baxımdan çox təhlükəlidir. Bu məsələ ilə bağlı kömək istədik. Bu işdə məmnuniyyətlə kömək edəcəklərini bildirdilər. Görüşümüzün belə bir yaxşı nəticəsi oldu”, - Özəl deyib.

CHP lideri partiyanın qərargahında baş tutan görüşlə bağlı maraqlı bir məqamı da açıqlayıb:

“Toplantıdan əvvəl MİT əməkdaşları iclas zalında lazımi təhlükəsizlik tədbirləri gördülər, dinləmə cihazlarının olub-olmadığını araşdırdılar, zal qoruma altına alındı. Bu məxfilik MİT-in iş prinsiplərinə uyğun olaraq həssaslıqla həyata keçirildi. Səhər saatlarında görüşdük, amma gün ərzində elan etməyə razılaşdıq”.

Toplantıya kimlərin qatılması ilə bağlı suala Özəl belə cavab verib:

“Adları gizli saxlayırıq. Mən yalnız baş katibimiz Selin Sayek Bökenin adını çəkə bilərəm. Hətta sədr müavinləri də kimlərin içəri girdiklərini bilmirlər. Onlara söylədim ki, əgər bununla bağlı kənara məlumat sızdırılsa, onlara daha vəzifə verməyəcəm. Məxfiliyə diqqət yetiririk”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
14
teleqraf.com

1Mənbələr