AZ

“Politico”nun məqaləsi dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil" - Hikmət Hacıyev

Yəqin ki, siz də nə vaxtsa ulu babalarınızın kimliyi, köklərinizin bəlkə də xan, bəy nəslindən olub-olmaması barədə fikirlərə qapılmasınız.

Ötən həftələrdə sosial şəbəkələrdə aparılan müzakirələrdən biri də bu mövzuda idi. Bir nəfər soy-kökü ilə bağlı necə araşdırma apara biləcəyini sual edirdi.Digərləri isə cavab olaraq “ASAN Xidmət”də rüsum ödəyərək bununla bağlı araşdırma apara biləcəyini yazmışdı.

SeherXeber.org insanları maraqlandıran bu suala cavab axtarıb.

“ASAN Xidmət”ə bununla bağlı sual ünvanlasaq da, soy-kökü ilə bağlı hər hansı rüsumun olmadığı və araşdırmanın aparılmadığı bildirildi. Həmçinin qeyd edildi ki, bu suala Milli Arxiv İdarəsi aydınlıq gətirə bilər.

Milli Arxiv İdarəsi tabeliyindəki Dövlət Tarix Arxivinin direktoru Aslan Kənan da SeherXeber.org -a açıqlamasında deyib ki, soy-kökü ilə maraqlananlar “ASAN Xidmət”ə müraciət etməlidirlər:

“Keçən əsrin 20-ci ilinə qədər olan şəxsləri tapmaq üçün Tarix Arxivinə müraciət etmək lazımdır. Siz məktub hazırlayırsınız, “ASAN Xidmət” Tarix Arxivinə yollayır və araşdırmağa başlayırlar. Sizi kim maraqlandırırsa, dəqiq ad soyadı, ata adı, təxmini neçənci ildə, harada anadan olduğu haqqında bildiklərinizi deyirsiniz, onlar da araşdırıb sizə verirlər. Araşdıranda həmin kitabçada o adamın adı çıxır. Sonra orada onun babasının adı çıxır. Sonra bir az da dərinə gedirsən, məlumat olacaq, olmayacaq o artıq sonrakı işdir. 

Məlumatları yazılı şəkildə “ASAN Xidmət”ə təqdim etmək lazımdır”. 

A.Kənanın sözlərinə görə, şəcərəni araşdırmaq xeyli vaxt aparır:

“Onu gərək özünüz şəxslə tapasınız. Şəcərə ağır işdir. Məsələn, deyək ki, axtardığın adamın övladını tapmısan, 1890-cı ildə anadan olub. Sonra onun atasını axtarırsan, 1860-cı ildə doğulub, onun da atasını axtarırsan və yavaş-yavaş dərinə gedirsən. Orada ailə tərkibi də verir, neçə uşağı olub. Düzdür, qızların adlarını vermirlər, ümumi götürürlər ki, 3 qız. Şəcərəni gərək, başı çıxan adam axtarsın. Əvvəl arxivlər havayı idi. İni pullludur, ya yox bilmirəm. Heç kim iş-gücünü qoyub sizin şəcərənizi axtarmayacaq. Orada həm rus, həm ərəb dilində məlumatlar var. Gərək ərəb əlifbasını da biləsiniz. Axtardığınız adamın mülkləri haqqında da məlumat tapmaq olar, amma bir şərtlə ki, həmin adam Azərbaycanda doğulsun. Gürcüstanda, Qərbi Azərbaycanda doğulubsa, onun arxivini tapmaq olmur. Arxivdə 19-cu əsrin əvvəllərinə qədər olan məlumatlar yer alıb”.

A.Kənanla söhbətimiz zamanı aydın oldu ki, kimsə hansı nəsildən olduğunu öyrənmək üçün birbaşa özü araşdırma aparsa belə, bu iş o qədər də asan deyil.Amma ölkəmizdə dövlət qurumundan əlavə müstəqil şəkildə bu işlə məşğul olan şəxslər də var. Onlardan biri də tədqiqatçı Rəzzaq Xansuvardır.

R.Xansuvar SeherXeber.org -a açıqlamasında bildirib ki, şəxslər birbaşa Milli Arxiv İdarəsinə müraciət etsə də, dərindən məlumat ala bilməyəcəklər:

“Milli Arxiv İdarəsinə özünüz də müraciət edə bilərsiniz, 19-cu əsrə aid məlumat götürə bilərsiniz. Dövlət arxivinə müraciət edirsiniz ki, mənim filan kənddə əcdadlarım var, araşdırmaq istəyirəm. Sizi bir neçə günə çağırırlar, orada oturub araşdırırsınız. Arxivdə 1000-2000 səhifəlik kitabları vərəqləməlisiniz. Amma yalnız burada 1886, 1873, 1863, 1849, 1842 və 1828-ci ilin siyahıyaalınmaları əsasında məlumat yığa bilərsiniz. Əlavə olaraq, torpaq və cinayət sənədlərinə də baxa bilərsiniz. Beləliklə, 4, yaxud uzaqbaşı 5 babanın adını biləcəksiniz. Daha dərin araşdırmaq olmur.

2011-ci ildən biz bir qrup tədqiqatçı ilə birlikdə bu işlə məşğuluq. Hətta bölgələr və soy şəcərələri haqqında kitab da çap etmişik. Yəni soy ağaclarının araşdırılması, DNT analizlər və s. soy-köklə bağlı nə varsa, onu bizim qrup araşdırır. Biz bunu təkcə Azərbaycan arxivindən araşdırmırıq. Əcdadlarınızın miqrasiya xəttinə baxırıq - lazımdırsa, Osmanlı, Rusiya və ya İran arxivlərinə - biz soy şəcərəsini qura bilək. Bu 16-17-ci əsrləri də əhatə edə bilər. Bu baxır sizin əcdadlarınız haqqında orada hər hansı bir informasiya olub-olmamasına. Minimum xanlıqlardan əvvələ qədər olan dövrdə əcdadlarınızı tapa bilirik. Onların adları, məşğuliyyəti, qardaşlarının adları orada göstərilir. Təəssüf ki, mənbələrdə qadın adları yoxdur. Yalnız 1842-ci ildə müəyyən siyahıyaalınmalarda qadın adları qeyd olunub, amma əgər bəy, xan və yaxud ruhani nəslindəndirsə, o haqda daha dərin araşdırmaq olar”.

Tədqiqatçı deyib ki, araşdırmanın müddəti və qiyməti regiondan asılı olaraq dəyişir:

“Araşdırma üçün 4 ay, bəzən isə daha geniş araşdırmalar üçün illər tələb olunur. Sonda biz “pdf şəcərə” hazırlayırıq. Bununla yanaşı, sənədlərdən də əsas məqamları, varsa, fotoşəkilləri sizə təqdim edirik. Məlumatların hansı arxivlərdən götürüldüyü də qeyd olunacaq. Bizə, sadəcə, babanızın atası haqqında ilkin informasiya verirsiniz. Araşdırma zamanı təvəllüdlər, məşğuliyyətlər zümrə və s. üzə çıxır. Bu xidmətlər təbii ki, ödəniş qarşılığında edilir. Çünki biz də arxivlərə ödəniş etməliyik. Məbləğ regiondan asılı olaraq dəyişir. Əgər Qərbi Azərbaycan ərazisini araşdırırıqsa (Göyçə mahalı, Dərələyəz, İrəvan və s.), həmin məlumatlar Ermənistan arxivlərində var. Bu zaman əməkdaşlarımız Rusiya ilə danışır, onlar həmin məlumatları Ermənistan arxivlərindən götürürlər. Buna görə də araşdırmanın qiyməti dəyişkən olur. İldən-ilə arxivlərə edilən ödənişlərin də qiymətində artım baş verə bilir. Ona görə də konkret qiymət aralığı demək bir qədər çətindir. 

Çünki orada arxivlərin qiyməti çox bahadır. Əgər araşdırdığımız adam Qarabağ, cənub bölgəsi və ya Azərbaycanın şimaldandırsa, bu zaman qiymət bir qədər aşağı olacaq”.

R.Xansuvar Milli Arxiv İdarəsində məlumatların 1800-cü illərin əvvələrinə qədərki dövrü əhatə etməsinə baxmayaraq, xanlıq dövrünü necə araşdırdıqları ilə bağlı məsələyə də aydınlıq gətirib:

“İndiki Azərbaycan coğrafiyasına aid olanlar bizim arxivlərdə 19-cu əsrin əvvəllərinə kimi qeyd olunub. 1700-cü illərə baxmaq üçün hissəli arxivlər var. Məsələn, 1720-ci illərin siyahıyaalınması, torpaq sənədlərinə baxaraq da şəcərəni çıxara bilirik.O vaxtı insanlara torpaq bağışlananda və ya vərəsəlik göstəriləndə ulu babalarının adları yazılırdı. Yəni bu torpaq-filan əcdaddan gəlib çatıb. Həmin sənədlər də xanlıq dövrünə və ondan sonrakı dövrə aid olur.Bəzən də olur ki, 1820-ci ilə aid bir sənəddə 1710-cu ilə kimi olan dövrə aid informasiyalar yer alır”. 

Tədqiqatçı Türkiyədə soy ağacını öyrənmək üçün yaradılan məlumat bazası olduğu kimi, Azərbaycanda da soy-kökü ilə bağlı belə bazanın yaradılıb-yaradılmayacağı barədə danışıb:

“Türkiyədə olan o saytda informasiya dolğun şəkildə deyil. Müəyyən bir dövr haqqında məlumat əldə edə bilərsən. Yenə də nəyisə öyrənmək lazım olanda Türkiyə arxivində axtarmalısan. 

Biz özümüz də bu işlərdə maraqlıyıq ki, ölkəmizdə şəcərə bazası qurulsun. Son illərdə şəcərəsi ilə bağlı maraqlananların sayı xeyli artıb. 2011-ci ildə 3-4 aydan bir 4-5 nəfər maraqlanırdısa, indi bir ay ərzində 10-20 nəfər maraqlanır.  Öimdən belə təkliflər irəli sürmüşəm. Bizim fikrimiz elektronlaşdırılan arxivləri bir araya yığaraq böyük bir baza yaratmaqdır. Beləliklə, istənilən azərbaycanlı həmin bazadan istədiyi məlumatları axtarıb tapa bilər.Bunları baza kimi yığmaq lazımdır. Mən 5 il əvvəl Azərbaycan arxivində çalışanda bu cür elektronlaşma işləri gedirdi, amma təəssüf ki, hələ heç bir şey yekunlaşmayıb. Sadəcə, indi bizim əlimizdə pdf kitablar var. Onları birləşdirib sayt yaratmaq olar. Əgər dövlət tərəfindən belə bir baza yaradılmasa, planımızda var ki, Azərbaycan üçün belə bir sayt yaradaq və insanlar babaları haqqında məlumatlara baxa bilsinlər. Yəqin ki, bu müəyyən ödəniş müqabilində olacaq”.

SeherXeber.org

Seçilən
16
seherxeber.org

1Mənbələr