Futbol üzrə Azərbaycan millilərinin durumu hər ötən gün daha da acınacaqlı hal alır. Əsas yığmadan onsuz da əlimizi üzmüşük. Elə bir aşağı yaş qrupumuz da yoxdur ki, deyək burda müəyyən uğurlarımız var, gücü ora verək.
Uğur bir kənara, gələcəyə az da olsa ümid verən komanda da yoxdur. Sanki yığmaların var olma səbəbi federasiya hesabına uşaqları gəzintiyə çıxarmaqdır. Nə qədər ki, yeyib-içməyə hesablanan heyət seçimi olacaq, millilərdən uğur gözləməyə dəyməz.
U-17-də isə daha qəribə hadisələr baş verir. Eşitdiklərim və gördüklərim əsasında deyə bilərəm ki, yaşanan hadisələr futbolumuzun belini bükən şeylərdir. Ümumi baxsaq, bəlkə də həmin komanda yığmalarımızın içərisində ən çox ümid verənidir. Çünki heyətdə İspaniya, Almaniya, Serbiya kimi ölkələrdə legioner həyatı yaşayan futbolçular var.
Di gəl ki, heç bir uğurlu nəticə yoxdur. İlham Yadullayevin yetirmələri Avropa çempionatının seçmə mərhələsində qrup sonuncusu ünvanını da heç kəsə buraxmadı. 3 oyunda qazanılan 1 xal bizi zirzəmidən ayrı salmadı.
Macarıstan 4, Yunanıstan 3 cavabsız qolla yığmamızı məğlub etdi. Yalnız Rumıniya ilə matçda 1:1 hesablı bərabərliyə nail olmağı bacardıq.
Seçmə mərhələdən sonra İlham Yadullayev AFFA-nın mətbuat xidmətinə açıqlama verdi. Mütəxəssis bildirdi ki, futbolçular rəqiblərindən heç də geri qalmadı. Maraqlıdır ki, geri qalması üçün daha nə baş verməli idi? Bir daha nəzərinizə çatdırıram, komanda iki oyunda 7 top buraxıb və qol vurmayıb. Amma çalışdırıcının fikrinə görə, rəqiblərlə başabaş mübarizə aparmışıq. Hətta o, bildirdi ki, uşaqların turnirdəki çıxışından razı qaldılar. 3 oyuna 1 xal, 1 vurulan qol və qrup sonunculuğu... Bundan razı qaldığımız müddətcə hansı uğurdan söhbət gedə bilər?!
Elə məhz həmin təlim-məşq toplanışında bəzi qalmaqallar da baş verdi. Heyətlə bağlı müəyyən söz-söhbətlər qulağımıza qədər çatdı.
Millinin son toplanış üçün heyətində İslam Həsənov adlı futbolçu yer alıb. Həmin oyunçu müqavilə ilə Serbiyanın “Srvena Zvezda” klubuna məxsusdur. İlk baxışdan onun yığmaya çağırılması çox normal bir hal kimi görünür. Amma məsələ başqadır...
İslam viza problemləri yaşadığı üçün Serbiyaya yollana bilmir. Hətta o, 2 aya yaxındır ki, bu səbəbdən komandasından uzaq düşüb. Məntiqlə Həsənov hazırda Bakıda məşqlər keçməlidir.
Lakin onu da etmir və ya edə bilmir. Fərdi məşqlərdən söhbət getmir. Nəzərdə tutulan komanda ilə kollektiv çalışmalardır. Amma İslam heç bir klubun məşqlərinə qatılmır.
Bununla belə, o, millinin heyətinə çağırılır və heyətdə yer alır. Əvəzində isə öz komandasında daimi forma şansı qazanan futbolçular yığmaya dəvət olunmur. Məsələ Azərbaycan və ya gürcü mətbəxindən yeyib-içməkdir?
Bir çox valideynin etirazına səbəb olan bu addım birmənalı qarşılanmır. Hələ üstəlik heyətdə yer alan əsas futbolçuların da bir qismi matçlara sonradan daxil olur.
Həmin heyət futbolçularının valideynləri ilə söhbət etmək fürsətim də oldu. Ümumi fikirləri isə belədir: millinin inkişafı üçün əldə hər şey var, azdan-çoxdan infrastruktur, maliyyə şərtləri... Tək problem məşqçi məsələsidir. Ölkədə futbol mütəxəssisləri yox dərəcəsindədir və hazırkı texniki heyətlə heç bir uğurdan söhbət gedə bilməz.
Həmin tənqidləri qəbul edib, səhvləri anlayıb, inkişafa addım atmaq lazımdır. Bu ölkədə futbol olacaqsa, hamımız əlimizi daşın altına qoymalıyıq. “Onsuz da bu ölkədə futbol olan deyil, ən azından mən postumda qalım” ideyası ilə yanaşsaq, hələ çox illər itirəcəyik. O, üzdən də bacarmırsızsa, istefa verib gedin, bəylər. İstefanın özü də böyük bir xidmətdir. Yoxsa elə gələnə də, gedənə də uduzacağıq.
Daha nə qədər “day-day” hesabına imkanlı uşaqlar milliyə çağırılacaq? İmkansız ailədən çıxan o qədər istedadlı futbolçu var. Onların yığmaya dəvət alması üçün qonaqlıq lazımdır? Əgər elədirsə, biz jurnalistlər yığışıb hər həftə aşağı yaş qruplarımızdakı məşqçilərə qonaqlıq verək. Təki gözləri doysun, istedadlı uşaqlara şans versinlər...
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Kəpəz” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR
"Kəpəz"in futbolçusu əməliyyat olunub
Qəbələdə 4 qol
Deni Qaysumov: "Azərbaycan millisinin oyununda stabillik yoxdur"