AZ

Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI

Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Araqçi bu həftə ərzində ikinci dəfə telefonla danışıblar. “Sputnik Ermənistan”ın məlumatına görə, son vaxtlar İran gömrüyündə xarici dövlət nömrə nişanlı yük maşınları üçün dizel yanacağının qiymətinin kəskin artması erməni sürücülərin ciddi probleminə çevrilib. Nazirlərin telefon danışığında bu məsələ müzakirə olunub. Mirzoyan X sosial şəbəkəsində bildirib ki, həmkarım ilə telefon danışığı zamanı o, gündəlikdəki mövzulara, o cümlədən vətəndaşlara əlavə fayda gətirə biləcək sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə toxundu.
Qeyd edək ki, bundan əvvəlki söhbət noyabrın 14-də olub. İran XİN rəhbərinin Teleqram kanalında verdiyi məlumata görə, söhbət zamanı erməni nazir İrəvan və Tehran arasında regional hadisələrlə bağlı məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Politoloq Natiq Miri “Sherg.az”a vurğulayıb ki, Xarici işlər nazirlərinin telefon danışıqlarındakı belə intensivlik Ermənistan və İran sərhəddində, xüsusilə də İranın gömrük məntəqəsində Ermənistan sürücülərinə qarşı yaradılan suni problemlərdən qaynaqlanır:

“Problemin böyüyərək iki ölkə münasibətlərinə gərginlik gətirməməsi məqsədilə bu cür telefon danışıqlarına ehtiyac yaranıb. Tehran və İrəvan sözügedən problemi aradan qaldırmaqla yenidən isti münasibətlərə qayıtmaq niyyəti güdürlər. Çünki indiki vəziyyətdə belə suni problemlərlə İran Ermənistanla əlaqələrini korlamaq istəməz. Telefon danışığı zamanı İran və Ermənistanın xarici işlər nazirləri regional problemləri də müzakirə ediblər. Elə bir ərəfdəyik ki, bir tərəfdən Azərbaycan və Ermənistanın imzalamalı olduğu sülh sazişi, digər tərəfdə isə nəqliyyat kommunikasiyalarının açılması kimi həssas mövzular gündəmdədir. Eyni zamanda İran və İsrail gərginliyi müstəvisində kritik məqamın regiona təsiri də Tehran və İrəvan üçün həssas məsələdir. Amma telefon danışığının əsas məqsədi İran gömrüyündə Ermənistan sürücülərinə tətbiq olunan məhdudiyyətdir”.
Seçilən
40
sherg.az

1Mənbələr