AZ

“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda hansı yeni dəyişikliklər var?

Nazirlər Kabineti “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, dəyişikliklərə əsasən, əmək miqrasiyası kvotası Nazirlər Kabineti tərəfindən hər ilin başlanmasına 3 ay deyil, 1 ay qalmış təsdiq olunacaq. İşəgötürənlər növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbata dair proqnoz-məlumatı Dövlət Miqrasiya Xidmətinə hər il mayın 1-dək deyil, avqustun 1-dək təqdim edəcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Neft Şirkəti tərəfindən aidiyyəti məlumatlar müvafiq qurumların nümayəndələrindən ibarət Komissiyaya hər il avqustun 1-dək deyil, sentyabrın 1-dək təqdim olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Komissiyaya təqdim olunan məlumatlar əsasında icmal hazırlayaraq Komissiya üzvlərinə hər il avqustun 15-nə qədər deyil, oktyabrın 15-nə qədər təqdim edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Komissiyaya təqdim etməli olduğu məlumatlara nazirliyin elektron sistemi üzərindən əcnəbilərin iş icazəsi əsasında qüvvədə olan əmək müqavilələri üzrə təhlillər də daxil ediləcək.

Elm və Təhsil Nazirliyi növbəti il üçün peşə və ixtisaslar üzrə ali, orta ixtisas və peşə təhsili müəssisələri ilə yanaşı, tam orta təhsil bazası üzrə ümumi təhsil müəssisələrində təhsilləri başa çatacaq vətəndaşların sayı barədə də məlumatı Komissiyaya təqdim edəcək.

Cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən məlumatda iş icazələri qüvvədə olan əcnəbilərin adlı siyahısı da göstəriləcək.

Növbəti il üçün kvota ilə bağlı təkliflər Komissiya tərəfindən Nazirlər Kabinetinə hər il sentyabrın 15-dək deyil, noyabrın 10-dək təqdim olunacaq.

Seçilən
17
10
sia.az

10Mənbələr