Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümü ilə əlaqədar YAP Zərdab rayon təşkilatı tərəfindən geniş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi rəhbərin və şəhidlərimizin xatirəsini anıblar.
Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixinin və bu günə qədər əldə etdiyi uğurların əhəmiyyətindən danışıb. O qeyd edib ki, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP, Azərbaycanın müstəqilliyinin qorunması və ölkənin hərtərəfli inkişafında mühüm rol oynayıb. Onun sözlərinə görə, cənab İlham Əliyevin rəhbərliyi ilə partiya daha da inkişaf edib və xalqın rifahının təminatçısına çevrilib. İlkin Əliyev vurğulayıb ki, xalq-ordu-iqtidar birliyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsi Zəfəri bu birliyin ən parlaq təzahürüdür.
Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova çıxışında Yeni Azərbaycan Partiyasının dövlət quruculuğu, iqtisadi və sosial sahələrdə həyata keçirdiyi mühüm təşəbbüsləri qeyd edib. Bildirilib ki, partiya bu gün Prezident İlham Əliyevin sədrliyi ilə modernləşmə və inkişaf istiqamətində mühüm töhfələr verir.
Tədbirdə partiya veteranı Tahir Qasımov, şəhid atası Qədir Hüseynov, partiya fəalları Nurlanə Cəlilova, Cəlal Məcidli və Günel Əlizadə çıxış edərək, Yeni Azərbaycan Partiyasının ötən illər ərzində siyasi sabitlik və davamlı inkişafın təminatçısı kimi mühüm rol oynadığını vurğulayıblar. Natiqlər YAP-ın qısa müddət ərzində ümumxalq partiyasına çevrildiyini və ötən 32 il ərzində böyük uğurlar qazandığını bildiriblər.
Tədbirin sonunda fəaliyyətlərində fərqlənmiş bir qrup partiya üzvünə təşəkkürnamələr təqdim edilib. Həmçinin YAP sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.