AZ

“Pyaçentsa” yeni təyin etdiyi məşqçini bir sutka sonra qovdu

İtaliya D Seriyasında çıxış edən “Pyaçentsa” klubu bir gün ərzində komandanın iki məşqçisini istefaya göndərib.

Arena.az məlumat verir ki, klub rəhbərliyi komandanın idman direktoru Alessio Sestu və baş məşqçi Karmine Parlato ilə yollarını ayırıb.

Maraqlıdır ki, Parlatonun əvəzinə təyin edilmiş Simone Bentivolyo vəzifəsində heç bir sutka da duruş gətirə bilməyib.

“Biz Simone Bentivolyo ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdik. Bundan sonra komandaya Stefano Rossini rəhbərlik edəcək”, – mətbuat xidməti klubun qərarını açıqlayıb.

Mütəxəssislə müqaviləyə xitam verilməsinə səbəb, Bentivolyonun bu vəzifədə qalacağı təqdirdə oyunları boykot edəcəklərini açıqlamış azarkeşlərin narazılığı olub. Azarkeşlər mütəxəssisə 2011-ci ildə danışılmış oyunlarla bağlı qalmaqalını xatırladıblar. O vaxt italyan mütəxəssis təqsirini etiraf etmiş və 13 ay müddətinə diskvalifikasiya edilmişdi. Azarkeşlərin təzyiqi qarşısında güzəştə getməli olmuş “Pyaçentsa” rəhbərliyi qalmaqallı məşqçini elə, həmin gün vəzifəsindən azad etməyə məcbur olub.

12 turdan sonra “Pyaçentsa” D Seriyasının D qrupunda 14 xalla 11-ci pillədə qərarlaşıb.

Seçilən
8
arena.az

1Mənbələr