AZ

COP29 sədrliyi: “İqlim maliyyələşməsinin ildə 250 milyard dollara çatdırılması təklif olunur”

COP29 Sədrliyi danışıqlarda son vəziyyətlə bağlı bəyanat yayıb.

Demokrat.az xəbər verir ki, bəyanatda deyilir:

"İl ərzində COP29 Sədrliyi inkişaf etməkdə olan ölkə tərəflərinin ehtiyac və prioritetlərini nəzərə alaraq ədalətli və iddialı yeni iqlim maliyyəsi hədəfi üçün səylərini davam etdirib.

Biz gecə saatlarına qədər davam edən geniş və əhatəli bir məsləhətləşmə prosesi həyata keçirdik. Dünən səhər yayımladığımız mətnlər paketinə bütün qrupların reaksiya bildirməsi üçün imkan yaratdıq və onların konstruktiv yanaşmasına görə təşəkkür edirik.

Məsləhətləşmələr zamanı səsləndirilən fikirləri və dünənki Qurultayda tərəflərdən eşitdiklərimizi nəzərə alaraq, yenilənmiş mətnləri dərc etmişik.

Bu mətnlər COP29 üçün balanslı və yığcam bir paket təşkil edir. COP29 Sədrliyi tərəfləri qalan bir neçə variant üzərində konsensusa nail olmaq üçün bu mətnləri diqqətlə öyrənməyə çağırır.

Tərəflərin ilkin yanaşmalarını əks etdirən Yeni Kollektiv Miqdarı Məqsədi qərarı, bütün tərəfləri, ictimai və özəl mənbələrdən istifadə edərək inkişaf etməkdə olan ölkələr üçün iqlim tədbirlərinə maliyyə vəsaitini 2035-ci ilə qədər illik ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birgə işləməyə çağırır.

Bundan əlavə, inkişaf etmiş ölkə tərəflərinin təqdimatını əks etdirərək, inkişaf etmiş ölkələrin liderliyi ilə illik 100 milyard ABŞ dolları birgə toplamaq məqsədinin genişləndirilməsi və 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün bu rəqəmin 250 milyard ABŞ dollarına çatdırılması qərarını ehtiva edir.

Qalan, lakin əhəmiyyətli olan bir neçə məsələ üzrə yekun düzəlişlərin kollektiv şəkildə razılaşdırılması üçün tərəflərlə əlavə müzakirələr aparacağıq.

Ən yüksək səviyyədə iddialı bir nəticəyə nail olmaq üçün hər tərəfə təzyiq göstərərək inklüziv və şəffaf şəkildə çalışmağa davam edəcəyik.
Seçilən
10
demokrat.az

1Mənbələr