"Enerjidə tam müstəqil Türkiyə hədəfinə doğru güclü addımlarla yolumuza davam edirik".
Bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən İstanbul Enerji Forumunda etdiyi çıxışda deyib.
Dövlət başçısı bildirib ki, son vaxtlar bölgədə baş verən böhranlar enerji təchizatı təhlükəsizliyinin ölkə iqtisadiyyatları üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyur.
Rusiya ilə Ukrayna arasında mininci gününü keçirən müharibənin, xüsusilə enerji sahəsində xaricə asılılıq risklərini göstərdiyini deyən Ərdoğan deyib: Türkiyə döyüşən iki tərəflə də qurduğu balanslı əlaqələr sayəsində bu çətin dövrü ən asan şəkildə keçirən ölkələrdən biridir".
Enerjidə davamlılığın təmin edilməsinə, xarici asılılığın və enerji xərclərinin azaldılmasına üstünlük verdiklərini qeyd edən Ərdoğan deyib:
"Çünki biz ətrafımızdakı bir çox ölkələrdən fərqli olaraq istifadə etdiyi enerjinin böyük hissəsini xaricdən almalı olan ölkəyik”.
Türkiyənin mədən hasilatından neft və təbii qaza, küləkdən günəş enerjisinə qədər hər sahədə ölkənin potensialından ən yüksək səviyyədə yararlanmağa çalışdığını vurğulayan dövlət başçısı onu da deyib ki, enerjidə də tam müstəqil Türkiyə hədəfi ilə yola güclü addımlarla davam edirik.
Kim nə deyirsə desin, enerji də daxil olmaqla heç bir sahədə ölkəmizi heç kəsə möhtaç etməmək üçün qərarlıyıq.
Qeyd edək ki, Türkiyədə I İstanbul Enerji Forumu işə başlayıb.
Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Anadolu” agentliyinin media tərəfdaşlığı ilə təşkil edilən forum bu il “Ortaq gələcək, ortaq hədəflər” mövzusuna həsr olunub.
Tədbirdə Azərbaycan energetika naziri Pərviz Şahbazov tərəfindən təmsil olunur. Energetika naziri Pərviz Şahbazovun İstanbula səfəri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə baş tutub.
Forumda müxtəlif ölkələrin enerji sahəsindən məsul yüksəksəviyyəli dövlət rəsmiləri, yerli və xarici vətəndaş cəmiyyətlərinin, beynəlxalq qurumların nümayəndələri, elm xadimləri və iş adamları iştirak edirlər. Tədbirdə enerji sektorunda regional hədəflər, təbii qaz tədarükü təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu, enerji transformasiyasının maliyyələşdirilməsi kimi regional və beynəlxalq məsələlərlə yanaşı, enerji mənbələri, texnoloji inkişaf və bir sıra digər məsələlər ətrafında fikir mübadilələri aparılacaq, qlobal səviyyədə dialoq imkanı yaradılacaq.