AZ

Siyasətin, hərbi gücün strateji və taktiki planlamanın uğurlu nəticəsi



Abadlaşan və gözəlləşən Kəlbəcər xoşbəxt gələcəyə doğru inamla addımlayır

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi şərəfli gün kimi yazılıb. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Rayon 1993-cü il aprelin 2-də o zamanıkı AXC-Müsavat hakimiyyətinin bacarıqsızlığı səbəbindən erməni işğalçıları tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü.
Artıq Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsinin dörd illiyi ərəfəsindəyik. İkinci Qarabağ müharibəsinin ən yüksək zirvəsi olan Şuşa şəhərinin işğaldan azad olunması artıq Ermənistanda qorxu və ciddi narahatlıq yaratmışdı. Onlar anlayırdılar ki, Şuşa kimi alınmaz qalanı fəth edən Azərbaycan Ordusunun qarşısında bundan sonra heç bir qüvvə dayana bilməz. Ona görə də 2020-ci ilin noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanatda öz əksini tapdı. Bəyanata əsasən, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Beləliklə, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində üçrəngli Dövlət Bayrağımızı ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərək dedi: «Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq.»

Otuz bir il əvvəl məcburi köçkünə çevrilərək respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilər doğma yurda qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu məqsədlə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən bu yolunun layihə uzunluğu 80,7 kilometrdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci ilin avqustun 16-da Kəlbəcər rayonuna səfərləri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Səfər çərçivəsində 110/35/10 kilovoltluq «Kəlbəcər» yarımstansiyasının açılışı olub. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində 3,4 kilometr uzunluğundakı tunelin tikintisinə start verilib.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Kəlbəcərə hər səfəri əlamətdar olur. Çünki dəniz səviyyəsindən çox yüksəklikdə, uca dağlar qoynunda yerləşən Kəlbəcərdə aparılan quruculuq işləri Prezidentin qətiyyətinin və dövlətimizin gücünün xüsusi bir təntənəsidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2024-cü ilin sentybarın 2-də Kəlbəcərə növbəti səfərləri də bu baxımdan əlamətdar oldu. Ölkə başçısı Tərtər çayı üzərində yerləşən 22,5 MVt gücündə «Yuxarı Vəng» və 4,3 MVt gücündə «Zar» su-elektrik stansiyalarının, «İstisu» mineral su zavodunun açılışında iştirak etdi. «İstisu zavodunun təməli 2022-ci ilin iyununda qoyulmuşdu və onun istifadəyə verilməsi göstərir ki, artıq Kəlbəcərin iqtisadi potensialı hərəkətə gətirilir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Seçilən
50
aia.az

1Mənbələr