AZ

25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

Image

Qulamhüseyn Əlibəyli: “Hər halda, 25 noyabrda legitim parlament fəaliyyətə başlayacaq”

Gürcüstanın yeni seçilmiş parlamenti işə başlayandan qısa müddət sonra ölkənin yeni prezidentinin seçki tarixini müəyyən edəcək. 

Bunu hakim “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib: “Xatırladıram ki, prezident seçkiləri parlamentin ilk iclasından sonra təyin olunmalıdır. Bunun üçün konkret müddət var. Yaxın günlərdə biz Gürcüstan parlamentinin ilk iclasının təyin olunacağı tarixi də müəyyənləşdirəcəyik”.

Məlum olub ki, Gürcüstan parlamenti noyabrın 25-də keçiriləcək ilk iclasdan sonra yaxın günlərdə prezident seçkilərinin tarixini müəyyən edəcək. Gürcüstanın yeni çağırış parlamenti prezident Salome Zurabişvilinin və deputatların seçkilərlə bağlı Konstitusiya Məhkəməsinə (KM) iddialarına baxmayaraq, noyabrın 25-də işə başlayacaq. Konstitusiyaya edilən son düzəlişlərə əsasən, növbəti prezident 5 il müddətinə seçiləcək, lakin birbaşa səsvermə yolu ilə deyil, 300 seçicidən ibarət kollegiya - parlament üzvləri və yerli hakimiyyət orqanlarının nümayəndələri tərəfindən seçiləcək. Parlamentin birinci iclasından 45 gün sonra yeni prezident seçilməlidir. Seçkilərin nəticələrini tanımayan müxalifət parlament iclasında mandatlarından imtina edəcəyinə söz verir.

Maraqlıdır, prezidentin mövqeyi nəzərə alınmadan parlamentin açılışı nə dərəcədə qanuna uyğundur? Bütün bunların fonunda maraqlıdır, 25 noyabrda Gürcüstanda nə baş verəcək? Parlament toplana biləcək, yoxsa bilməyəcək və ondan sonra nə baş verəcək?

“Prezident bunun əksini edir və hakimiyyət böhranına rəvac verir, özünü cığal müxalifət üzvü kimi aparır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli Gürcüstandakı son siyasi proseslərə bir neçə prizmadan yanaşdı: “Gürcüstan qanunvericiliyində situasiyanın necə olacağı barədə birmənalı proqnoz vermək çətindir. Düzdür, Konstitusiyaya görə Gürcüstan parlamentinin seçkidən sonra ilk iclasını prezident çağırır. Bu, əslində parlamentə münasibətdə prezidentin cüzi səlahiyyətlərindən biridir. Çünki Gürcüstan prezidenti geniş səlahiyyətlərə malik deyil və o, yalnız formal olaraq dövlət başçısı kimi parlamentin ilk iclasını çağırmalıdır. Ondan sonra parlamentin növbədənkənar iclaslarının çağırılması haqqında tələblər olarsa, digər subyektlərlə birlikdə bunu həyata keçirməlidir. Qalan məsələlər parlamentin özü və hökumət tərəfindən həll olunur. Hazırda Gürcüstan parlamentinə seçkilər keçirilib, nəticələri elan olunub. Seçkilərin nəticələrini tanıyıb-tanımamaq, ona uyğun hərəkət etmək Gürcüstan prezidentinin səlahiyyətinə aid deyil. Gürcüstan prezidenti hökumətin razılığı olmadan faktiki olaraq çox cüzi səlahiyyətlərə malikdir. Yəni əfv olunma, bağışlanma, vətəndaşlıqla bağlı səlahiyyətlərə malikdir. Hakumətin razılığı olmadan bunları edə bilər. Qalan məsələlərdə hökumətin razılığı olmadan prezident nəsə edə bilməz. İndi faktiki olaraq parlament seçkiləri keçirilib və Gürcüstan prezidenti onun nəticələrini tanımadığını bəyan etməklə, əslində özünün konstitusion səlahiyyətlərindən xeyli kənara çıxıb. Bu halda prezident hakimiyyət böhranının qarşısını almaq üçün zəruri olan tədbirlər görməli idi. Ancaq təəssüflər olsun ki, bunun əksini edir və hakimiyyət böhranına rəvac verir. Özünü cığal müxalifət üzvü kimi aparır. Ona görə də Gürcüstanda belə bir vəziyyət yaranıb. Ancaq bu, o demək deyil ki, Gürcüstan parlamenti iflic olacaq. Müxalifət imtina etsə belə, yenə də nəsə dəyişməyəcək. Çünki Konistitusiyaya görə, onun seçilmiş üzvlərinin yarıdan çoxu iştirak etdikdə, parlament səlahiyyətli sayılır və birinci növbədə deputatların səlahiyyətlərinin tanınması məsələsi müzakirə olunmalıdır. O halda parlamentin hüquqi cəhətdən toplaşmaq səlahiyyəti var. Nəzərə almaq lazımdır ki, “Gürcü arzusu” parlamentdə çoxluğa malikdir. Fikrimcə, bu situasiyadan çıxmaq üçün sonrakı mərhələdə Gürcüstan qanunvericiliyində müəyyən imkanlar axtarılıb tapılacaq. Hər halda, 25 noyabrda legitim parlament fəaliyyətə başlayacaq”.

Vidadi ORDAHALLI





Seçilən
23
baki-xeber.com

1Mənbələr