AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 482 Bakı şəhəri, 20 noyabr 2024-cü il

“Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 973 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1 nömrəli əlavə - “Elektron alış aktı”nın forması yeni redaksiyada verilsin (əlavə olunur).

2. 2 nömrəli əlavə - “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları” üzrə:

2.1. 2.1-ci bəndin ikinci cümləsində “və” sözü “, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra” sözləri ilə əvəz edilsin;

2.2. 2.2.5-ci yarımbənddən “seriyası, nömrəsi və” sözləri çıxarılsın;

2.3. aşağıdakı məzmunda 2.2.7-1-ci və 2.2.7-2-ci yarımbəndlər əlavə edilsin:

“2.2.7-1. malın kodu;

2.2.7-2. əmtəənin qlobal identifikasiya nömrəsi (GTIN) (olduğu halda);”;

2.4. 2.2.11-ci yarımbəndə “malın” sözündən sonra “cəmi” sözü əlavə edilsin;

2.5. aşağıdakı məzmunda 2.2.12-1-ci və 2.2.12-2-ci yarımbəndlər əlavə edilsin:

“2.2.12-1. cəmi;

2.2.12-2. ödəmə mənbəyində tutulan verginin məbləği;”;

2.6. 2.3.4-cü yarımbəndə “alış aktının” (birinci halda) sözlərindən sonra “tarixi” sözü əlavə edilsin və həmin yarımbənddən “seriyası, nömrəsi və” sözləri çıxarılsın;

2.7. aşağıdakı məzmunda 2.3.6-1-ci və 2.3.6-2-ci yarımbəndlər əlavə edilsin:

“2.3.6-1. “Malın kodu” sütununda – malın kodu;

2.3.6-2. “Əmtəənin qlobal identifikasiya nömrəsi (GTIN) (olduğu halda)” sütununda – Qlobal standart (GS1) tərəfindən yaradılan, üzərində ştrix kodları və rəqəmləri əks etdirən, hər bir məhsul vahidini identifikasiya edən və məhsulun növündən asılı olaraq dəyişən unikal məhsul nömrəsi (olduğu halda);”;

2.8. 2.3.10-cu yarımbənddə “Məbləği” sözü “Cəmi məbləği” sözləri ilə əvəz edilsin;

2.9. 2.3.12-ci yarımbənddə “Yekun” sözü “Cəmi” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “Məbləği” sözündən əvvəl “Cəmi” sözü əlavə edilsin;

2.10. aşağıdakı məzmunda 2.3.12-1-ci yarımbənd əlavə edilsin:

“2.3.12-1. “Ödəmə mənbəyində tutulan verginin məbləği” sətrində - Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.14-cü maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin məbləği;”;

2.11. 2.6-cı bənddə “qeydə alındığı” sözləri “vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edildiyi” sözləri ilə əvəz edilsin;

2.12. aşağıdakı məzmunda 3.8-ci bənd əlavə edilsin:

“3.8. Ləğv edilmiş və ya düzəliş edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilmiş SMS vasitəsilə müəyyən olunmuş qaydada təsdiq edilir.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Seçilən
12
xalqqazeti.az

1Mənbələr