AZ

İstiləşmə kabusu və canlı aləmin gələcəyi

COP29-un Azərbaycan pavilyonunda “İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” mövzusunda müzakirə keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən müzakirələrdə Bioloji Müxtəliflik üzrə Konvensiyanın, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası Biomüxtəliflik Mərkəzinin, Su-bataqlıq Əraziləri üzrə Konvensiyanın, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu Azərbaycan ofisinin və digər təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdən məqsəd iqlim dəyişikliyi və biomüxtəliflik arasında əlaqə, bu sahədə inteqrasiya olunmuş yanaşmalarla həll yollarının araşdırılması və effektiv nəticələrin əldə olunması istiqamətində müzakirələrin aparılması olub.

Toplantıda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə qarşıya yeni strateji mərhələdə qlobal iqlim dəyişikliklərinə cavab verən yüksəkkeyfiyyətli təmiz ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə qoyulub. Onun sözlərinə görə, ölkəmizdə ətraf mühitin mühafizəsini və təbii ehtiyatların səmərəli istifadəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi prioritet istiqamətlərdən olmaqla, bioloji müxtəlifliyin qorunması əsas hədəflərdəndir.

İqlim dəyişmələri və onların canlı aləmə təsirinin dünya ictimaiyyətini getdikcə daha çox narahat etdiyini xatırladan nazir müavini deyib ki, təbii ekosistemlərə mənfi təsir göstərən bu amil bitki və heyvan növlərini məhv olmaq təhlükəsi ilə üzbəüz qoya bilər: “Bioloji müxtəlifliyin indiki və gələcək nəsillər üçün çox böyük dəyərə malik qlobal sərvət olduğu artıq hamılıqla qəbul edilir. Növlər və ekosistemlər üçün təhlükə heç vaxt indiki qədər böyük olmayıb. Ölkəmizdə son 30 ildə orta illik havanın temperaturu əvvəlki dövrlə müqayisədə orta hesabla 0,9 dərəcə yüksəlib, əksər ərazilərdə yağıntının miqdarı orta hesabla 4 faiz azalıb”.

Müzakirələrdə iqlim dəyişmələrinin təbii ekosistemlərə mənfi təsirinin azaldılması üçün ölkəmizdə həyata keçirilən fəaliyyətlər, əsas prioritet sahələrdən olan meşə ekosisteminin qorunması, bərpası, yeni yaşıllıqların salınması, bitki və heyvan növlərinin mühafizəsi, bərpası sahəsində görülən işlər barədə məlumat verilib. Bununla yanaşı, iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması üzrə ən yaxşı təcrübələr dinlənilib, iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında əsas rol oynayan təbii ekosistemlərin qorunması və bərpası strategiyaları, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, təcrübə və fikir mübadiləsi aparılıb.

 

Seçilən
26
xalqqazeti.az

1Mənbələr