AZ

Ekoloji tarazlıq və aqroərzaq sistemlərinin dayanıqlığı

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) COP29-un Mavi Zonasında yerləşən pavilyonunda “İqlim dəyişikliyi ilə mübarizə və Su-Enerji-Qida-Ekosisteminin qarşılıqlı idarəedilməsi tədbirləri vasitəsilə aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması” mövzusunda panel müzakirələr keçirilib. Bu barədə XQ-yə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İCESCO-nun elm və ətraf mühit sektoru üzrə eksperti Fahman Fathurrahman moderatorluğu ilə keçirilən tədbirdə dayanıqlı aqro-ərzaq sistemlərinə nail olmaq üçün strategiyalar, iqlim böhranı şəraitində su, enerji və ərzaq ehtiyatlarının davamlı və düzgün idarə olunmasını dəstəkləyən ən yaxşı təcrübələri, siyasət çərçivələrini və texnoloji yenilikləri müzakirə edilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyinin təmin olunması, suya əlçatanlıq və enerji istifadəsi ilə bağlı problemlərin yaranmasına gətirib çıxarır ki, bu da aqro-ərzaq sistemlərində davamlılığın yaradılması üçün həll yollarının müzakirəsinə zərurət yaradır. Bu problemlərin həllinin fermerlər və icmaların ehtiyaclarının təcili ödənilməsini balanslaşdıran innovativ, inteqrasiya olunmuş yanaşmalar tələb etdiyini diqqətə çatdıran nazir müavini deyib ki, Azərbaycanda dayanıqlı kənd təsərrüfatına keçid prosesinin asanlaşdırılması üçün hərtərəfli dövlət proqramları və maliyyə dəstəyi alətləri tətbiq edilir.

Onun sözlərinə görə, ölkədə su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəlifliyin qorunmasının iqlimə uyğunlaşma strategiyalarının əsasını təşkil edir, səmərəliliyi və davamlılığı artıran iqliməuyğun ağıllı kənd təsərrüfatı təcrübələrinə üstünlük verilir. Ölkəmizdə damcı və çiləyici texnologiyaların tətbiqi ilə suvarma sistemlərinin müasirləşdirildiyini vurğulayan nazir müavini fermerlərin sudan səmərəli istifadə üsullarını mənimsəməsi üçün onlara subsidiyalar və aşağı faizli kreditlər verildiyini diqqətə çatdırıb.

Panel müzakirələrdə Pakistanın milli qida təhlükəsizliyi və tədqiqatlar üzrə federal naziri Rana Tanveer Hussain, Aralıq Dənizi İttifaqının baş katibinin müavini Grammenos Mastrojeni, Beynəlxalq Bioşoran Kənd Təsərrüfatı Mərkəzinin baş katibi Tarifa Al Zaabi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının torpaqların idarə edilməsi və su bölməsinin mütəxəssisi Virciniya Gillet, İslam İnkişaf Bankının qlobal təcrübələr və tərəfdaşlıqlar üzrə baş direktoru İssa Faye və başqaları ərzaq itkilərinin qarşısının alınması və ərzaq təhlükəsizliyinin təmini, qlobal iqlim dəyişikliyi və biomüxtəliflik, iqlimə davamlılığın gücləndirilməsi, ekosistemin qorunması, rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqi, kənd təsərrüfatı sektorunda innovativ proseslərin inkişafı, dayanıqlı təchizat zəncirinin formalaşdırılması, eləcə də bu sahələrdə qadınların rolunun artırılması ilə bağlı fikirlərini bölüşüblər.

 

Seçilən
6
5
xalqqazeti.az

7Mənbələr