AZ

Aliment cəzadır, yoxsa çıxış yolu?

Onu ödəməyəndə ikiqat cəzaya çevrilir

Ailədə psixoloji mühitin sağlamlığı şiddətdən, xəyanətdən və yalandan uzaq olmaq, etibarlı və sağlam ünsiyyət qurmaq, sevgi və hörmət hissini gücləndirməklə formalaşır. Bəzən bu dəyərlər pozulur və ailənin dağılmasına səbəb olur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin 9 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. Rəqəmlərdən də aydın olur ki, evlənənlərin 43 faizi boşanıb. Son on ildə boşanma əmsalı 0,8 artıb.

Uşaqlar hansı valideynə verilməlidir?

Təbii ki, boşanmanın müxtəlif obyektiv və subyektiv səbəbləri var. Ər-arvadın arasında mövcud olan rəsmi nikah məhkəmə qaydasında xitam verildikdə məhkəmənin münasibət bildirməli olduğu ən vacib məqamlardan biri həmin nikahdan olan birgə uşaqların hansı valideynə verilməsidir. Vəkil Qulam İsmayılzadənin sözlərinə görə, Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Adətən, ölkəmizdə ailə quran və ya nikaha xitam verən zaman tərəflər arasında saziş mövcud olmur, yaxud tərəflər bu sazişin şərtləri barədə razılığa gələ bilmirlər: “Belə olan hallarda qanunvericiliyin tələbinə əsasən, işə baxan məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

Bu, uşaqların qanunla qorunan mənafelərinə daha uyğun sayılır. Bir qayda olaraq, yetkinlik yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır”.

Bəs nə üçün ana? Axı Konstitusiyada, Ailə Məcəlləsində ana və atanın hüquqları, vəzifələri bərabərdir. Bununla bağlı vəkil bildirdi ki, əsas səbəblərindən biri südəmər uşaqlar üçün ana südünün vacib olması, azyaşlıların daha çox ana qayğısına ehtiyac duymalarıdır: “Azyaşlı uşaqlar müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideyn-

lik hüquqlarından sui-istifadə etməsi, əxlaqsızlıqla məşğul olması və s. daxildir. Sadaladığımız bu hallar məhkəmə tərəfindən müəyyən olunarsa, yetkinlik yaşına çatmayan uşaq anasından alınıb atasına verilə bilər.

Bəs yetkinlik yaşına çatmış uşaqların taleyi necə həll olunur? Yetkinlik yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşaqların mənafelərindən çıxış edilərək və onların fikrləri mütləq nəzərə alınaraq həll olunur”.

Alimentin məbləği

“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Beləliklə, qanunvericiliyə əsasən 2024-cü ildə bir uşağın saxlanılması üçün minumum 235 manat tələb edilir. Bu barədə Q.Ismayilzadə deyir: “Ailə Məcəlləsinə əsasən, alimentin ödənilməsi barədə razılıq olmadıqda məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, iki uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, üç və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.

Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun, yəni, 2024-cü il üçün 235 manatdır. Bu məbləğin 2025-ci ildə dəyişəcək və yanvarın 1-dən etibarən alimentin minimum məbləği 235 manatdan 246 manata çatdırılması gözlənilir. Məsələ Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb. Bildirilib ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir”.

Bəs nikahdankənar doğulan uşaqlar?!

Əgər uşaqlar və ya uşaqların biri nikahdan kənar doğularsa, atalıq faktı təsdiq olunmalıdır. Atalıq faktının təsdiq olunması ilk növbədə Vətəndaş Vəziyyətlərinin Aktları İdarəsində aparıla bilər. Atalıq faktının təsdiq olunması barədə şəhadətnamə alındıqdan sonra artıq uşaqlar hansı valideyndədirsə, o valideyn həmin şəhadətnamə əsasında məhkəməyə müraciət edərək alimentlə bağlı iddia irəli sürə bilər. Əksər hallarda bu iddia uğurlu iddialardan hesab olunur və nikahdankənar doğulan uşaqların saxlanması üçün də aliment təyin edilir.

Aliment ödəməyən şəxs cəzalandırılırmı?

Vəkilin sözlərinə görə, şəxs alimenti ödəməzsə, ilk növbədə tələb onun əmlakına yönəldilir: “Əgər şəxsin adına hər hansı bir daşınar və ya daşınmaz əmlak varsa, onun üzərinə həbs qoyulur. Bu əmlak borc məbləğinə uyğun olaraq alimentin yerinə iddiaçıya təqdim edilir. Əgər ondan imtina edilərsə, həmin əmlak hərracda satılaraq əldə olunmuş vəsait alimentin əvəzinə ödənilir.

Şəxsin əmlakı olmadıqda və məhkəmə onu təqsirli bilərsə, onda o, 500 manatdan 1000 manatadək cərimə və yaxud 10 gündən 30 günədək inzibati həbs oluna bilər. Həmçinin aliment ödəməyən şəxsin borcu əhəmiyyətli dərəcədə olduqda (adətən 1000 manatdan yuxarı) məhkəmənin qərarı ilə ölkədən getmək hüququ məhdudlaşdırılır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə, şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
15
xalqqazeti.az

1Mənbələr