AZ

Zelenski “Ukraynaya xainlər”i dövlət mükafatlarından məhrum edib

Kiyevdə dövlət mükafatlarından məhrum edilmiş “Ukraynaya xainlər”in ilk siyahısı dərc edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, siyahıda 34 nəfər, o cümlədən Ukraynanın keçmiş hökumət rəsmiləri və rusiyalı sənətçilər var.

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın keçmiş məmurları və keçmiş deputatları, habelə Rusiyanın siyasət, din və mədəniyyət xadimlərinin dövlət mükafatlarından həmişəlik məhrum edilməsi haqqında fərman imzalayıb.

Rusiyalı ifaçılar Nikolay Baskov, Filipp Kirkorov, Aleksandr Malinin, bəstəkar İqor Krutoy “Ukraynanın xalq artisti”, müğənnilər Ani Lorak və Taisiya Povali isə “Ukraynanın əməkdar artisti” titulundan məhrum ediliblər.

Rus Pravoslav Kilsəsinin (ROK) rəhbəri patriarx Kirill 1-ci dərəcəli Knyaz Yaroslav Mudrı ordenindən məhrum edilib.

Bundan başqa, siyahıda olanlar arasında Ali Radanın keçmiş deputatı, Rusiya prezidenti Vladimir Putinin yaxın adamı Viktor Medvedçuk, keçmiş baş prokuror Viktor Pşonka, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov və keçmiş təhsil və elm naziri Dmitri Tabaçnik, Regionlar Partiyası sədrinin keçmiş birinci müavini Aleksandr Yefremov və Ukrayna baş prokurorunun keçmiş birinci müavini Renat Kuzmin də var.

Bütün bu şəxslər Ukraynanın dövlət mükafatlarından qeyri-müəyyən müddətə məhrum ediliblər. Bəyanatda daha sonra deyilir ki, bu, bu tədbirin tətbiq edildiyi “Ukraynaya xainlər”in ilk siyahısıdır.

Bundan əvvəl müvafiq qanun layihəsi Ukrayna Ali Radası tərəfindən dəstəklənib.

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr