AZ

"Bitcoin"dən 305 milyon dollar qazandı!

2021-ci ilin sentyabr ayında ölkənin rəsmi ehtiyatlarına "Bitcoin" əlavə etməyə başlayan El Salvador prezidenti Nayib Bukele, bu günə qədər 268 milyon dollarlıq kriptovalyuta investisiyasından 305 milyon dollar qazanc əldə etdiklərini açıqlayıb.  

"Bitcoin" dəyərinin 100 min dollara yaxınlaşması investorlarını sevindirməyə davam edir. Dünyanın ən böyük kriptovalyutası 2024-cü il ərzində dollar ekvivalentində 134% dəyər qazanıb və yalnız son bir ayda 48% yüksəlib.  

Valyuta.Az xəbər verir ki, bu artımdan ən çox məmnun olan şəxslərdən biri, şübhəsiz ki, El Salvador prezidenti Nayib Bukele olub. Bukelenin rəhbərliyi ilə El Salvador 2021-ci ilin sentyabrında "Bitcoin"i qanuni ödəniş vasitəsi kimi qəbul edən ilk ölkə olmuşdu. Bununla yanaşı, həmin tarixdən etibarən El Salvador rəsmi ehtiyatlarına da "Bitcoin" əlavə etməyə başlamışdı.  

Bukele dünən sosial media hesabında paylaşım edərək, vaxtilə iqtisadçıların şübhə ilə yanaşdığı bu qərarın nəticələrini dünyaya elan etdi. Paylaşımdakı məlumata əsasən, El Salvador 2021-ci ilin sentyabrından bəri ümumilikdə 268 milyon 82 min dollar dəyərində "Bitcoin" alışı həyata keçirib və bu investisiyadan 305 milyon 172 min dollar qazanc əldə edib. Bununla da qazanc faizi 113,84%-ə çatıb. El Salvadorun ehtiyatında olan "Bitcoin"lərin ümumi dəyəri 573 milyon dolları ötüb.  

Əvvəl itirdi, sonra qazandı  

El Salvador 2021-ci ilin sentyabrında "Bitcoin" alımlarına başladıqda, kriptovalyutanın dəyəri 45-50 min dollar arasında idi. 2021-ci ilin noyabrında 66 min dollar səviyyəsini görməsinin ardından sürətli dəyər itkisi yaşandı. 2022-ci ilin dekabrına gəldikdə isə "Bitcoin" 17 min dolların altına enmişdi.  

"Bitcoin"dəki bu dəyər itkisi səbəbilə Bukele tənqid hədəfinə çevrilsə də, o, bu tənqidlərə əhəmiyyət verməyərək tez-tez "dibdən aldıq" açıqlamasını verirdi.  

"Bitcoin" bəzən Bukelenin "dib" adlandırdığı səviyyələrin də altına düşdü. Lakin bu gün etibarilə bəzi insanların "riskli qumar" kimi dəyərləndirdiyi ehtiyat strategiyası müsbət nəticə verib.  

 

Seçilən
15
valyuta.az

1Mənbələr