AZ

Sahibkarlara dəstək təşəbbüsləri vacibdir

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azərbaycan hökuməti fermerlər üçün işlək maliyyə mexanizmi hazırlayır

  Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 çərçivəsində qlobal problemlər sırasında özəl sektorla əməkdaşlıq, aqrar sahənin inkişafı, istehsal və sənayenin təbiətə ziyanlarının minimuma endirilməsi məsələləri də müzakirə edilir. Və problemlərin həllində dövlətlə özəl sektorun əməkdaşlığı, sahibkarlıq subyektlərinə dövlət dəstəyinin əhəmiyyəti vurğulanıb.   Qeyd edilib ki, təbiətin və ətraf mühitin qorunmasına yönəldilən investisiyalar yeni iqtisadi imkanların açılmasına töhfə verir. Bu barədə  COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Təbiətə uyğun gələcək və Paris Sazişi məqsədlərinə nail olmaq üçün iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin qorunması üzrə tədbirlərin uyğunlaşdırılması" mövzusunda keçirilən dünya liderlərinin dəyirmi masa müzakirəsində bildirib. Nazir qeyd edib ki, innovativ strategiyalar biomüxtəlifliyin qorunması, bərpası və davamlı idarə olunmasına yönəldilən maliyyələşdirmə və investisiyaların həcmini artırmağa imkan verir. Təbiətə əsaslanan həll yollarına investisiya qoyaraq, biz iqtisadi potensialı açmaq, dayanıqlılığı artırmaq və davamlı gələcəyin təməlini yaratmaq imkanına malikik. Nazir qeyd edib ki, səylərin əsas elementi 2030-cu ilə qədər qurunun və okeanların azı 30 faizinin qorunması, biomüxtəlifliyin mühafizəsi, iqlim dəyişikliyinə dayanıqlığın artırılması və gələcək nəsillər üçün davamlı inkişafın təmin olunması kimi iddialı məqsədlərə nail olmaq istiqamətində dövlət-özəl tərəfdaşlığıdır. Bu səylər 2030-cu ilə qədər iqlim, təbiətin mühafizəsi və davamlı inkişaf sahəsində məqsədlərə nail olmağa yönəlib. Nazir həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, dövlət siyasəti və korporativ liderliyi birləşdirərək ekosistemləri qoruya və ədalətli nəticələr təmin edə bilərik. Nazir təbiətin mühafizəsi üçün maliyyələşdirmənin artırılmasının əhəmiyyətini vurğulayıb və qeyd edib ki, özəl sektor ətraf mühitlə harmoniya içində fəaliyyət göstərməlidir. İndiyədək COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. Aqrar sektorun iqlim dəyişmələrində əhəmiyyətli rolu nəzərə alınaraq COP29 çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirdiyi sonuncu panel müzakirə “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusuna həsr olunub. Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov beynəlxalq iqlim konfransı çərçivəsində keçirilən panel müzakirələrin kənd təsərrüfatının gələcəyinə xidmət etdiyini, kollektiv fəaliyyətin qlobal qida sistemlərinin iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və davamlı inkişaf çağırışlarına cavab verməsi prosesinə töhfə verəcəyini qeyd edib. Nazir kənd təsərrüfatının gələcəyinin innovasiya, texnologiya və inklüzivlikdən asılı olduğunu vurğulayıb. O bildirib ki, bu məqsədlə Azərbaycan hökuməti fermerlərə məhsuldarlığı optimallaşdıran, resurslara qənaət edən və iqlimə davamlılığı artıran süni intellekt və rəqəmsal alətlər də daxil olmaqla qabaqcıl texnologiyaların mənimsənilməsinə kömək edən təşəbbüslərə üstünlük verir. Bu yanaşma təkcə məhsuldarlığı artırmaq üçün deyil, həm də davamlı kənd təsərrüfatı təcrübələrinin təməlini yaratmaq üçün vacibdir. Nazir tədbir iştirakçılarını fermerlərin, qadınların və gənclərin səlahiyyətlərini gücləndirməyə, həll yollarını paylaşmağa və qlobal ərzaq təhlükəsizliyinə töhfə verməyi hədəfləyən fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünü dəstəkləməyə çağırıb: “Biz inanırıq ki, bu təşəbbüs altında birləşməklə davamlılığı gücləndirən, hətta iqlim qeyri-müəyyənliyi qarşısında fermerlərə inkişaf etməyə imkan verən güclü şəbəkə yarada bilərik”. Panel müzakirələrdə çıxış edən yerli və xarici mütəxəssislər qeyd ediblər ki, məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşma tələb olunur. Onların fikrincə, innovasiyaların inteqrasiya edilməsi, insan potensialının və inklüzivliyin inkişaf etdirilməsi gələcəkdə kənd təsərrüfatının uğurunu müəyyən edəcək. Çıxışçılar vurğulayıblar ki, müasir dövrdə qlobal iqlim dəyişikliyi fonunda kənd təsərrüfatının inklüziv və dayanıqlı inkişafının təmin olunması əsas hədəflərdən birinə çevrilib. Bildirilib ki, aqrar sahədə istehsalın artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi qlobal səviyyədə mütəmadi əməkdaşlığı zəruri edir.
  COP29-un özəl sektor, sahibkarlıq subyektlərinin inkişafı, liberal iqtisadiyyata hansı töhfələr verəcəyindən danışan iqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, qlobal iqlim dəyişiklikləri fonunda sənaye və aqrar sektorun sıfır tullantı prinspi ilə çalışması ən önəmli məsələdir. Bu işdə sahibkarlıq subyektlərinin, fermerlərin üzərinə böyük məsuliyyət düşür: 

- BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatında İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit İdarəsinin direktoru Kaveh Zahedi tədbirdə çıxışı zamanı bildirdi ki, aqrar-ərzaq sistemləri qlobal qida təhlükəsizliyinin əsasını təşkil edir və bir milyarddan çox insan bu sektorda çalışır. Bu sahə iqlim dəyişikliyinə qarşı çox həssas olmaqla yanaşı, eyni zamanda iqlim dəyişikliyinə təsir də göstərir. FAO-nun araşdırmalarına görə, qlobal istixana qazı emissiyalarının təxminən 30 faizi məhz bu sektordan qaynaqlanır. Buna görə də kənd təsərrüfatı və ərzaq sistemlərində dayanıqlılığı artırmaq və davamlılığı təmin etməyə ciddi ehtiyac var. Uzun illər boyu bu mövzu COP sədrliklərinin bir sıra təşəbbüslərinin əsas mərkəzində olsa da, bu sessiyanın məqsədi həmin təşəbbüsləri yenidən müzakirə masasına gətirmək, sinerji imkanlarını araşdırmaq, mövcud vəziyyəti dəyərləndirmək və birlikdə necə irəliləmək yollarını araşdırmağa xidmət edir. Böyük Britaniyanın ətraf mühit naziri Meri Qreq isə bildirib ki, COP26-da iqlimə uyğun dayanıqlı kənd təsərrüfatına keçidi sürətləndirmək ehtiyacı vurğulanır, bununla əlaqədar Kənd Təsərrüfatında İrəliləyiş Təşəbbüsünə start verilib. Həmin COP zamanı, həmçinin Qlobal Metan Öhdəliyi başladılıb ki, bu da kənd təsərrüfatında metan emissiyalarını azaltmaq yollarını müəyyənləşdirərək COP-dan COP-a mühüm rol oynamaqda davam edir. Bu da vurğulandı ki, “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” alqışalayiqdir. Bundan başqa COP29 çərçivəsində “Sudan dayanıqlı istifadədə KOB-ların (kiçik və orta biznes) rolu” mövzusunda da tədbir keçirildi. KOB-lar səmərəli su istifadəsi və müasir texnologiyalardan istifadə barədə məlumatlandırıldı. Su resurslarının əhəmiyyəti, KOB-ların yaşıl iqtisadiyyata keçidi prosesində sudan səmərəli istifadəylə bağlı müzakirələr aparıldı. Bildirildi ki, “Su həyatdır” layihəsi noyabrın sonundan etibarən Lənkəran, Masallı, Lerik, Astara, Cəlilabad və Biləsuvar rayonlarında həyata keçiriləcək. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə deyib ki, Azərbaycan hökuməti sürətlə dəyişən dünyaya uyğunlaşan fermerlərimizi dəstəkləməyə qətiyyətlə sadiqdir. “Biz başa düşürük ki, kənd təsərrüfatının gələcəyi innovasiya, texnologiya və inklüzivlikdədir. Bu məqsədlə biz fermerlərə məhsuldarlığı optimallaşdıran, resurslara qənaət edən və iqlimə davamlılığı artıran süni intellekt və rəqəmsal alətlər də daxil olmaqla qabaqcıl texnologiyaların mənimsənilməsinə kömək etmək üçün təşəbbüslərə üstünlük veririk”. 
  F.İbrahimov qeyd etdi ki, 2013-cü ildən başlayaraq düzxətli iqtisadiyyatın (xammal-istifadə-tullantı) dağıdıcı təsirini aradan qaldırmaq əsas məqsədə çevrilib. Bu məqsədlə də qlobal korporasiyalar, dövlət və ictimai təşkilatlar dairəvi iqtisadi modeli irəli sürüblər. Bu model düzəlt və yenidən istifadə et prinsipi ilə çalışmaqla, tullantısız iqtisadiyyat təklif edir. Modelə əsasən bu cür iqtisadi münasibətlərdən bütün tərəflər - cəmiyyət, təbiət, özəl sektor, sahibkarlıq subyektləri, yəni cəmiyyətin bütün təbəqələri yararlanacaq və bu, təbiətin mühafizəsi başda olmaqla iqtisadi artıma da müsbət təsir göstərəcək. 

Seçilən
12
sherg.az

1Mənbələr