İran məhkəməsi Təbrizdə yaşayan 21 yaşlı ictimai fəal Mirəkbər Hüseyni barədə 6 ay həbs qərarı çıxarıb.
İnsan haqları fəallarının yaydığı məlumata görə, gənc fəal "hökumətə qarşı təbliğat" və "müxalif qrupa üzvlük"də günahlandırılıb.
Pezeşkian hakimiyyətə gəlməmişdən əvvəl bəzi ekspertlər siyasi həbslərin azalacağını düşünsə də, İranda tez-tez siyasi həbslərin şahidi oluruq.
Mövzu ilə bağlı "Sherg.az"a danışan “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə bildirib ki, İranda həm ictimai-siyasi, həm də iqtisadi vəziyyət olduqca gərgindir.
"İqtisadi çətinliklər onsuzda çeşidli millətlərdən olan İran coğrafiyasında insanlar arasında fikir ayrılıqları yaradır. Oradakı rejim bu ayrılıqların qarşısını almaq üçün, böyük düşmən yəni İsrail qarşısında onları birləşdirməyə çalışırdı. Lakin bu addımlar da özünü doğrultmadı. Bu səbəbdən Tehran rejimi özünün türk əsilli olmasını tez-tez səsləndirən birini, yəni Məsud Pezeşkianın prezident seçilməsinə göz yumaraq İrandakı digər millətlərə, xüsusilə də türklərə sizdən olan biri prezident seçildi mesajını verdi. Əhali ilk vaxtlar onun dövründə təzyiqlərin azalmasına inansa da, bir müddət sonra bu inam azaldı. Çünki hazırda hökumət rejimi ayaqda saxlamaq üçün sərt üsullara əl atır. İran məhkəməsinin Təbrizdə yaşayan 21 yaşlı ictimai fəal Mirəkbər Hüseyni barədə 6 ay həbs qərarı çıxarması da bunun sübutlarından biridir".
Ekspert əlavə edib ki, Pezeşkianın gəlişindən sonra 450 nəfər edam edilib:
"İndi orada 45 qadın ölüm növbəsindədir. Əslində Pezeşkian dövründə ciddi dəyişikliklər gözləyənlərdə reallıqdan bir qədər uzaq idi. Çünki İslam Respublikasınında mühüm qərarları ali rəhbər verir. Prezidentin qəbul etdiyi qərarlar isə dini liderin təsdiqindən sonra icra olunur".
Yusif Sultanoğlu