AZ

Hansı şəxslərə qulluq dövrü staj kimi qəbul edilir?

Sosial sığorta stajı, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sosial sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Sığortaolunanın sığorta stajına müəyyən müddətlər daxildir.

Maraqlıdır, 70 yaşa çatmış ahıl şəxsə qulluq edilməsi dövrü staj kimi qəbul olunur?

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Fondundan "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, əmək pensiyası təyin edilən zaman şəxs sığortaolunan olduqda orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (I dərəcə) və ya 18 yaşadək əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir:

"Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə  və ahıllara (yaşı 70-ə çatmış şəxslərə) münasibətdə qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizlərə və ya patronajın təyin edilməsi barədə qərara əsasən nəzərə alınır.

Həmçinin qulluqolunan vəfat etmişdirsə, yuxarıda qeyd edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən nəzərə alınır.

18 yaşadək əlilliyi olan uşaqlara qulluq etmə müddəti isə qanuni nümayəndələrə münasibətdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən həyata keçirilir".

Bildirilib ki, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə qulluq müddəti 01.04.2019-cu il tarixdən sonrakı dövr üzrə müvafiq Prezident  təqaüdünün ödənilməsinə dair Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumatlara əsasən nəzərə alınır.

Seçilən
36
cebheinfo.az

1Mənbələr