AZ

"Boşanmaları artıracaq" — Alimentlə bağlı qərar etiraz doğurdu

Xəbər verdiyimiz kimi, 2025-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq. Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir. Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-də 235 manat olub.

Məsələyə sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında münasibət bildirib. O qeyd edib ki, alimentin məbləğinin artırılması əvəzinə uşaqpulunun verilməsinin müzakirə edilməsi daha yaxşı olardı:

“Yaxşı olar ki, çoxuşaqlılıq müavinətinin şərtləri asanlaşdırılsın. Sosial yardımla bağlı kriteriyalar yumşaldılsın. Alimentin artırılması boşanmaları stimullaşdırmaqdan başqa bir işə yaramayacaq. Amma uşaq pulu məsələsi gündəmə gətirilsə, azalan demoqrafik artıma ailələrin töhfəsi ola bilər. Ölkədə doğuş səviyyəsində çox az artım var. Bu gedişlə demoqrafik artımla bağlı çox ciddi təhlükələr meydana çıxacaq. Ona görə də artımı stimullaşdırmaq müzakirə edilməlidir. Elə olmalıdır ki, ailələr boşanmaq yerinə nəsil artırmağı seçsinlər. Elə etmək lazımdır ki, uşaqpulu məsələsi dövlət büdcəsindən təmin edilsin. Alimentin artırılması nəyə xidmət edəcək – boşanmaların çoxalmasına. Onsuz da boşanmalar ölkədə kritik həddədir, hər iki nikahdan biri pozulur. Düşünürəm ki, alimentin məbləğinin artırılması boşanmalara rəvac verməkdən başqa bir işə yaramayacaq”. 

Ekspertin sözlərinə görə,Azərbaycan uşaqpulunu verməyən azsaylı ölkələrdən biridir:

“Qonşu ölkələrin hamısında uşaqpulu verilir. Daha əvvəl alimentin dövlət büdcəsi hesabına verilməsi məsələsi gündəmə gəldi. Amma cəmiyyət buna çox ciddi formada etiraz etdi. Çünki bu, boşanmaları artıran qərar olardı. İndi çox adam aliment verməkdən çəkindiyi üçün boşanmaqdan imtina edir. Amma alimenti dövlət ödəsə, ölkədəki vəziyyət, düşünün nə həddə çatar. Ailələri möhkəm, ayaqda saxlamağın yollarını müzakirə etmək əvəzinə, necə asan dağıtmaq olar məsələsini müzakirə edirik”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
26
demokrat.az

1Mənbələr