AZ

Xankəndidəki tikiş fabrikində istehsal olunan məhsulların 80 faizi ixrac ediləcək - FOTO

Xankəndi şəhərindəki tikiş fabrikində yüksəkkeyfiyyətli trikotaj məhsullar istehsal olunur. Yeni istifadəyə verilən fabrikin müasir avadanlıqlarla təmin olunması, müəssisədə yaradılan yüksək istehsal şəraiti keyfiyyətli məhsula zəmanət verir. Tikiş fabriki Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının nəticəsidir. Azərbaycan və Özbəkistan prezidentləri noyabrın 13-də videobağlantı vasitəsilə fabrikin açılış mərasimində iştirak ediblər.

FED.az xəbər verir ki,  “BUSINESS TEX JV” şirkətinin direktoru Əfqan Müslümov bildirib ki, ərazisi 1,2 hektar olan fabrikin ümumi investisiya dəyəri 11 milyon manatdır. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərir. Fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək. İstehsal olunacaq məhsulların 80 faizi ixrac ediləcək.

Müəssisə işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə isə burada 800 iş yerinin yaradılması nəzərdə tutulur.

Fabrikdə işlə təmin olunan Xankəndi sakini Sveta Əsgərovanın təəssüratlarını öyrənirik: “Mən Xankəndi sakiniyəm, burada doğulub böyümüşəm. Dərziliyi də burada öyrənmişəm. Köçkünlük illərində Bakı şəhərində məskunlaşıb, orada sənətimlə məşğul olurdum. Xankəndidə fabrik açılması xəbərini eşidəndə, dərhal müraciət elədim. Hazırda fabrikdə təlimçi müəllim kimi, tikişçi qızların öyrədilməsi ilə məşğulam. Hər şeydən razıyam, qızlar da işi yüksək səviyyədə mənimsəyirlər. Çox sevinirəm və qürur duyuram ki, doğma şəhərimdəyəm”.

Tikişçi Fatma Əzizova da həm işindən, həm də Xankəndi şəhərində çalışmaqdan məmnun olduğunu bildirib: “Özüm Ağdam rayonundanam. 30 il idi ki, torpaqlarımızın həsrəti ilə yaşayırdıq. Şükürlər olsun, həm torpaqlarımız işğaldan azad olundu, həm də burada işlə təmin edildik. Bizə əvvəlcə iki ay təlim keçildi, tikiş işini mənimsədik. Artıq fabrikdə işləyirik. İşimdən, burada yaradılan şəraitdən çox razıyam”.

Fabrikdə Özbəkistandan gələn mütəxəssislər də çalışır. Texnoloq Dilfuzə İbrahimova azərbaycanlı xanımların tikiş işində məharətli olduqlarını bildirib: “İki aydır buradayam. Xankəndidə özümü Özbəkistandakı kimi hiss edirəm. Fabrik çox gözəldir. İşçilər çox gözəl tikirlər, məhsulların keyfiyyəti də yüksək səviyyədədir”.

İcraçı direktor Günel Əlizadə isə bildirib ki, hazırda müəssisədə idman geyimləri istehsal edilir. “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar yüksək keyfiyyəti ilə seçilir. Gələcəkdə mərhələli şəkildə digər geyim növlərinin istehsalı da planlaşdırılır.

Azərbaycanla Özbəkistan arasında uğurlu birgə fəaliyyətin, əməkdaşlığın növbəti təzahürü olan Xankəndidəki tikiş fabriki bölgənin sosial-iqtisadi mənzərəsinə müsbət təsir göstərəcək, Qarabağda yüngül sənayenin inkişafı üçün yeni imkanlar açacaq. (Azərtac)

XankəndidəkiXankəndidəki
Seçilən
39
fed.az

1Mənbələr