AZ

Maldivli nazir: İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün fəaliyyətlərimizi gücləndirməliyik

“COP29 həm ona ev sahibliyi edən Azərbaycan, həm də bütün dünya üçün mühüm bir tədbirdir. Tədbirin yüksək səviyyədə təşkilindən məmnunam. Günün sonunda uğurlu nəticələr əldə edəcəyimizə inanıram”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Maldiv Respublikasının iqlim dəyişikliyi, ətraf mühit və enerji naziri Thoriq İbrahim bildirib.

Nazir qeyd edib ki, Maldiv adalarında su ehtiyatlarının təmin olunması ciddi problemlərdən biridir və dəniz suyunun duzsuzlaşdırılması bu problemin həlli üçün əsas yanaşmadır. Lakin bu, olduqca bahalı bir prosesdir.

“İqlim dəyişikliyi səbəbindən su obyektlərimiz çirklənib. Hazırda əsas məqsədimiz yağış suyunu toplamaq, onu duzsuzlaşdırılmış su ilə qarışdıraraq daha səmərəli su ehtiyatı əldə etməkdir. Bu, həm istehsalın artmasına, həm də adalarda suyun daha geniş şəkildə paylanmasına imkan yaradır”, - deyə o vurğulayıb.

Thoriq İbrahim əlavə edib ki, Azərbaycandan və digər ölkələrdən fərqli olaraq Maldiv adalarında böyük su obyektləri və geniş paylayıcı şəbəkələr mövcud deyil. Bu səbəbdən maliyyə məsələləri onlar üçün prioritet təşkil edir.

“Emissiyalarımız qlobal səviyyədə olduqca kiçikdir. Lakin bu, bizim yumşaltma tədbirləri haqqında düşünməməyimiz anlamına gəlmir. İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün fəaliyyətlərimizi gücləndirməliyik”, - deyə nazir fikrini yekunlaşdırıb.

Seçilən
33
yeniazerbaycan.com

1Mənbələr