AZ

Saqqalı əldən verdi, hakimiyyəti isə... – Paşinyanın sirli 2026 hədəfi

Ermənistan baş naziri Nikol Paşinyan bığ-saqqalsız imicdə ilk dəfə yerli İTV-yə müsahibə verib. Yenə özünə xas tərzdə gündəmi “silkələməyə” çalışıb.

Təbii ki, Azərbaycanla sülh müqaviləsi haqda da danışıb. İddia edib ki, ilin sonunadək müqavilə imzalamaq üçün hər şeyi edəcək. Hərgah, qarşıdakı təxminən 40 günlük müddətdə buna anil olmaq inandırıcı görünmür. Çünki Bakının əsas tələbi məlum: konstitusiya dəyişikliyi. Rəsmi İrəvan isə bu yöndə çox da həvəsli deyil.

O səbəbə hansısa sənəd imzalanacaqsa belə, klassik anlamda o, sülh müqaviləsi olmayacaq. Diplomatik əlaqələrin qurulmasına və səfirlərin mübadiləsinə gətirməyəcək. Azərbaycan ona konstitusion ərazi iddiası olan bir ölkədə səfirlik açmaz. Bu aksiomdur...

Paşinyanın müsahibəsi öz komandasında ciddi kadr dəyişikliklərindən sonra verməsi də diqqət çəkir. Bəzi təhlilçilərə görə, kadr islahatları seçkilərlə bağlıdır. Amma növbəti parlament seçkilərinə (iyun, 2026) hələ xeyli var.

Azərbaycan üçün ən önəmlisi isə əlbəttə ki, Nikolun kiminlə, hansı komanda ilə deyil, necə və hansı hədəflər naminə işləyəcəyi, qonşu dövlətlərə, özəlliklə Azərbaycan və Türkiyəyə münasibətdə hansı strategiyanı izləyəcəyi, o sırada öz xalqını sülhə necə hazırlayacağıdır.

Bu məsələdə əsas əngəl isə hələ də revanşizmin güclü olduğu erməni cəmiyyətini konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiaları ilə bağlı istinadları çıxarmağa inandırmaqdır. Hiss olunur ki N.Paşinyan bu yöndə nələrsə etmək istəyir, səmimi görünməyə çalışır, “real Ermənistan” naminə ürkək cəhdlərini davam etdirir. Sözsüz ki, sağ-sola boylanmaqla. Niyə?

Çünki Ermənistan siyasi mübarizədə terror üsulunun adiləşdiyi bir məkan. 1999-cu ildə (oktyabr) parlamentin gülləbaran edilməsini yada salmaq yetər. Xüsusən də daşnaklar satqın elan elədikləri N.Paşinyan üçün “zəncir” çeynəyir, onun azacıq “ayağının sürüşməsini” gözləyir. Yəni fiziki təhlükəsizlik problemi. Ola bilsin bu səbəbə az sonra yeni və daha ciddi kadr dəyişikliyinin də şahidi olaq...

Qayidaq sülhə hazırlıq məsələsinə.

Nikol Vovayeviçin bu xüsusda müsahibədə “Qərbi Azərbaycan” terminini yada salması təsadüfə oxşamır. Paşinyan ilk baxışda bizim qulağımıza xoş gələcək, radikal-revanşistəri isə qıcıqlandıracaq şəkildə deyib: “Haradasa kimlərinsə “Qərbi Azərbaycan” terminindən istifadə etməsi bizə ağır gəlir, bizi məyus edir, eləmi? Bəs özümüz “Qərbi Ermənistan” deyəndə (Türkiyənin 186.5 min kv km-lik 6 vilayəti nəzərdə tutulur – red.), bunu kimlərinsə qıcıqlandırdığını fikirləşirikmi?”.

Erməni baş nazir ardınca əlavə edib: “Bunu ona görə demirəm ki... İndi başlayacaqlar ki, bu, növbəti satqınlıqdır, alçaqlıqdır (artıq başlayıb – red.)... Mən indi elə statusdayam və elə məsuliyyət sahibiyəm ki, səbəb-nəticə əlaqəsini xalqa demək, göstərmək mənim borcumdur. Əgər bunu etməsəm, deməli, şüurlu şəkildə ölkəmizi dövlətçiliyini itirməyə aparıram. Buna yol verə bilmərəm!”

Yeri gəlmişkən, bir müddət öncə N. Paşinyan “1.5 milyon qurbanın adbaad siyasısını tərtib etməyin vacibliyini soyləməklə qondarma “erməni soyqırımı” iddiasını de-fakto şübhə altına almışdı. “Qərbi Ermənistan” ifadəsinə tənqidi və ironik yanaşma eyni yanaşmanın cəsarətli davamı sayıla bilər...

Ermənistan rəhbəri müsahibə zamanlı hökumət başçısı vəzifəsinə gəldikdən 6 il sonra qəfildən niyə üzünü qırxması barədə də danışıb. Sitat: “Bunu böyük qızımın ad günü üçün etmək qərarına gəldim”.

Rutin bir cavab. Hərçənd bunu Ermənistan üçün təzə siyasi dönəmin anonsu kimi qəbul edənlər də az deyil, o cümlədən Azərbaycanda. Dəqiq olan odur ki, Paşinyan bığ-saqqal kimi hakimiyyətdən asanca əl çəkəsi deyil.

Necə deyərlər, saqqal əldən getdi, hakimiyyət isə qalır. Gerçək belədir ki, saqqallı Nikol Bakı ilə sülh müqaviləsi imzalaya bilmədi. Bəs saqqalsız Paşinyan bunu bacarıb, ardınca iqtidarda qala, 2026 seçkilərinə çıxa biləcəkmi?..

Analitik xidmət,
Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr