AZ

Ankara yolu tez açmağa çalışır  - ŞƏRH

Türkiyəli nazirin dediklərindən belə məlum olur ki, Zəngəzur dəhlizinin tam gücü və təhlükəsiz işləməsi üçün planlamaya artıq start verilib


  Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu növbəti dəfə Zəngəzur dəhlizindən danışıb. Türkiyə Azərbaycanla Orta Dəhliz üzərindən həyata keçirilən yükdaşımalarda Zəngəzur yolu ilə ayrıca marşrut yaratmaq istiqamətində sıx iş aparır. Onun sözlərinə görə, Türkiyə nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir, qitələrarası dəhlizlərdən sağlam şəkildə istifadə etməkdə açar rolunu oynayır: "Bu səpkidə investisiyaların yatırılmasını planlaşdırırıq, əməkdaşlığımızı genişləndiririk. Dəhlizlərin bir-biri ilə əlaqəsini təmin edərkən onların üzərində yerləşən marşrutların sayını artırırıq". Nazir həmçinin vurğulayıb ki, Azərbaycan və Türkiyə Çindən başlayaraq Londona qədər gedən çox vacib bir dəhlizin parçasıdır. Onun sözlərinə görə, hazırda Bakı-Tbilisi-Qars marşrutu olsa da, bununla bağlı müəyyən gecikmələr var. Mütləq alternativlərə ehtiyac olduğu üçün Zəngəzur dəhlizi qiymətlidir: "Azərbaycan tərəfindəki işlər olduqca yaxşıdır. Mən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad bəylə zaman-zaman görüşürəm, dünən də lazımi dəyərləndirmələri etdik. Türkiyə tərəfində də önümüzdəki aylarda çalışmağa başlayacağıq. 4 il müddətində bu çalışmaları bitirib fəaliyyətə başlayacağımızı düşünürəm". Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizinin Ermənistan, yaxud İran tərəfindən keçəcəyinə Bakı qərar verəcək: "Sonra yol Naxçıvan üzərindən Türkiyəyə uzanacaq". 
  AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Oruclu "Sherg.az"a bildirib ki, Ermənistan və İranın etirazlarına baxmayaraq, Zəngəzur dəhlizinin açılması reallaşacaq. Ekspertin sözlərinə görə, bu dəhliz Avropanı Asiya ilə birləşdirən Orta Dəhliz nəqliyyat dəhlizinin önəmli parçasıdır: 

"Zəngəzur dəhlizi açılmazsa, transmilli nəqliyyat kommunikasiya layihələri həyata vəsiqə qazana bilməz. Odur ki, bu dəhliz İran və Ermənistan hüdudlarından çıxaraq beynəlxalq əhəmiyyət daşıyır. Zənnimcə, İrəvan dəhlizin onun yuridiksiysı altında açılmasını və fəaliyyət göstərməsi şərtlərinə razıdır. Bununla bağlı rəsmi mövqelərini ortaya qoyublar. Lakin Moskva çox vacib əhəmiyyətə malik Zəngəzur dəhlizinə nəzarəti öz əlinə almasında israr edir ki, bu da danışıqları çətinləşdirir. Bakı-Tbilisi-Qars marşrutu daşımaların həcminə adekvat deyil və logistikanın yükünü tam üzərinə götürə bilmir". 
  Ə.Oruclu qeyd edib ki, Türkiyə çalışır ki, onun ərazisindən tranzit olaraq keçən yeni bir nəqliyyat xətti çəkilsin: "Ankara Ermənistanla sərhədlərin açılması və nəqliyyat əlaqələrinin qurulması istiqamətində diplomatik fəaliyyətini artırmaqdadır. Türkiyəli nazirin dediklərindən belə məlum olur ki, Zəngəzur dəhlizinin tam gücü və təhlükəsiz işləməsi üçün planlamaya artıq start verilib. Belə qənaətə gəlmək olar ki, ilkin razılaşmalar var və prosesin irəli aparılması üçün siyasi iradə göstərilir. Təbii ki, bu dəhlizin açılması Azərbaycanın geostrateji mövqeyini daha artıracaq və iqtisadi fayda götürəcək. Həmçinin Naxçıvanın uzun illər blokadadan çxırmağında çox əhəmiyyətli rol oynayacaq".


Seçilən
23
sherg.az

1Mənbələr