AZ

142” Çağrı mərkəzində daha bir sıra istiqamətlər üzrə elektron məlumatlandırma xidmətləri yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzində interaktiv səsli cavablandırma (IVR) xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində bir sıra yeni elektron məlumatlandırma xidmətləri də yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, onların sırasına cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik sosial müavinətin təyin edilməsi, pensiyanın bir növündən digər növünə keçirilmə, əlilliyin müəyyən olunması, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxsə qulluq edən şəxs üçün aylıq təqaüdün təyinatı ilə bağlı qanunvericiliyin izah edilməsi xidmətləri daxildir.

Bundan əvvəl isə ünvanlı sosial yardım, uşağın anadan olmasına görə birdəfəlik müavinət, əlillik təyinatı və s. ilə bağlı müraciətlərin cari statusunun öyrənilməsi, sosial təminat növləri üzrə müraciət qaydalarına dair qanunvericiliyin izahı xidmətləri elektronlaşdırılıb.

Beləliklə, “142” Çağrı mərkəzinə müraciət edən şəxslər artıq həm iş, həm də qeyri-iş vaxtlarında operatora bağlanmadan müvafiq xidmət üzrə rəqəmi sıxaraq həmin xidmətə dair səsli menyu vasitəsilə məlumatı dinləmək imkanı əldə edirlər.

Məqsəd sadə müraciətlər, tez-tez verilən suallar, həmçinin birbaşa operator yardımı tələb etməyən zənglərlə bağlı cavablandırmanın elektron qaydada daha çevik həyata keçirilməsidir.

Seçilən
25
3
ikisahil.az

4Mənbələr