AZ

ICAPP-ın 12-ci Baş Assambleyası başa çatdı - FOTOLAR

Noyabrın 23-də Kamboca Xalq Partiyasının (KXP) ev sahibliyi ilə bu ölkənin Pnompen şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş Assambleyasının 4-cü plenar iclası, Asiya Mədəniyyət Şurasının (ACC) 3-cü iclası və ICAPP Media Forumunun 7-ci iclası keçirilib.

"Unikal" xəbər verir ki, “Sülh və barışıq axtarışı” mövzusunda keçirilən dördüncü plenar sessiyada Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da iştirak edib. İclasda dünyada artan münaqişələrin regional və qlobal təhlükəsizliyə çoxsaylı təhdidlər yaratdığı vurğulanaraq bütün siyasi partiyalar sülh naminə əməkdaşlığa dəvət olunub.

Asiya Mədəniyyət Şurasının “Sülh və barışığın təşviqi naminə mədəni müxtəliflik” mövzusunda keçirilən 3-cü iclasında Azərbaycanı YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin məsləhətçisi Nizami Məmmədov təmsil edib. İclasda xalqların mədəni özünəməxsusluğunun qorunmasının, sülh və barışıq naminə mədəniyyətlərarası dialoqun təşviqinin əhəmiyyətindən bəhs olunub.

ICAPP Media Forumunun “Rəqəmsal era kontekstində saxta xəbərlərlə mübarizə” mövzusunda keçirilən 7-ci iclasında isə YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi, Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin aparıcısı Nurlana Mehdiyeva çıxış edib. O, qlobal çağırışlar fonunda informasiya və kommunikasiya texnologiyalarının inkişafının ayrı-ayrı xalqların həyatına və dövlətlərin siyasətinə təsirlərindən bəhs edib. Qeyd olunub ki, bir sıra dövlətlər və ya dövlətlərin dəstəyi ilə təşkilatlanmış qruplar beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönləndirmək üçün vaxtaşırı qarayaxma kampaniyaları aparırlar.

N.Mehdiyeva diqqəti həm Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında saxlanıldığı zaman, həm İkinci Qarabağ müharibəsi ərəfəsində, həm də postmüharibə dövründə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarına yönəldib. Regionda bir münaqişə ocağının söndüyü ərəfədə ayrı-ayrı dairələrin məhz media platformasından istifadə edərək birtərəfli, qərəzli və bugünkü reallıqla daban-dabana zidd olan feyk məlumatlar yaymağa çalışdığını deyən Nurlana Mehdiyeva bunun sabitlik və inkişafa hədəflənmiş Cənubi Qafqaz yolunda başlıca maneələrdən olduğunu diqqətə çatdırıb. Eyni zamanda, bu günlərdə Azərbaycanın ev sahibliyi ilə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 zamanı da həmin dairələrin ölkəmizə qarşı informasiya hücumunun növbəti dalğasına start verdikləri qeyd olunub.

Sonda N.Mehdiyeva media nümayəndələrini səyləri birləşdirərək dezinformasiya və media manipulyasiyası kimi mənfi niyyət güdən fəaliyyətlərə qarşı mübarizədə vahid mövqe nümayiş etdirməyə çağırıb.

İclasın sonunda ICAPP Media Forumunun fəaliyyət qaydalarını və müzakirələrin əsas nəticələrini özündə əks etdirən Pnompen Bəyanatı qəbul olunub.

Daha sonra Kamboca Krallığının baş naziri, Kamboca Xalq Partiyasının vitse-prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının prezidenti Hun Manetin sədrliyi ilə Assambleyanın bağlanış mərasimi olub. Tədbirdə aparılmış müzakirələrin əsas məzmununu özündə əks etdirən Pnompen Bəyannaməsi qəbul edilib.

Həmin gün tədbir iştirakçılarının Kamboca Krallığının xüsusi hüquqi sənədlər mərkəzinə və “Vin-Vin” abidəsinə ziyarəti təşkil olunub.

Seçilən
99
50
unikal.az

10Mənbələr