AZ

Ağsu RİH “tender kralı”na 707 manat ödəyəcək – Yenə yol təmir edirlər

Ağsu Rayon İcra Hakimiyyəti cari ilin sonunda Ağsu şəhərindəki daxili avtomobil yollarının və bəzi kənd yollarını təmir etməyi qərar alıb. Bununla bağlı tender elan edilib.
Qaynarinfo-nun məlumatına görə, satınalma müsabiqəsinin qalibi “tender kralı” kimi tanınan ATF şirkəti seçilib.
Şirkəti qiymət təklifi 707 182,14 manat olub. Yəni, icra hakimiyyəti görüləcək işlərin müqabilində şirkətə qeyd edilən məbləğdə pul ödəyəcək.
Ağsu Rayon İcra Hakimiyyəti 2023 və 2022-ci illərdə yolların əsaslı təmiri ilə bağlı tender elan edib. Hər iki tenderin qalibi ATF şirkəti seçilib. 2023-cü ildə şirkətin qiymət təklifi 493 221,97 manat, 2022-ci ildə isə 495 059,23 manat olub.
Ağsu Rayon İcra Hakmiyyətinin yol təmiri ilə bağlı keçirdiyi tenderlərdə hər dəfə eyni şirkətin qalib gəlməsi bir yana qurumun hər il yol təmir etdirməsi anlaşılan deyil.
Hər il yolların təmirinə ehtiyac yaranması görülən işlərin keyfiyyətsiz olmasından, yaxud da ayrılan vəsaitin qaranlıq taleyindən xəbər verir.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovdur. O, 2021-ci ildən rayona rəhbərlik edir. Rövşən Bağırov Ağsudan əvvəl Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib və qalmaqallarla gündəmə gəlib. Media resursları onun haqqında neqativ materiallarla zəngindir.
Bir qədər də ATF şirkəti haqqında. Bu şirkət haqqında mediada çox yazılıb. Özü də neqativ fonda.
Şirkət 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.
Şrikətin adı onun sahiblərinin adlarının baş hərflərinin birləşməsidir. ATF – Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur.
Şirkət daha çox yol təmirləri ilə bağlı tenderlərin qalibi olur. Bu səbəbdən şirkətin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyinə yaxın olması barədə iddia edilir.
Şirkət cari ilin oktyabrında Qəbələ Rayon İcra Hakimiyyətinin, sentyabr ayında isə Balakən və Oğuz rayon icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi olub.
Tenderlər küçə və yol təmirləri ilə bağlı keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 848 853, 88 manat təşkil edir.
ATF-in demək olar ki, eyni vaxtda 4 rayonda yolların təmirini həyata keçirmək üçün maddi-texniki imkanları yetərlidirmi? Bu suala cavab vermək mümkün deyil. Çünki şirkətin maddi-texniki bazası haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. ATF-in adicə internet səhifəsi də yoxdur.
Seçilən
10
5
tribunainfo.az

6Mənbələr