AZ

COP29-da üz-üzə gələn tərəflər - Yekun razılaşma niyə gecikir?

Bakıda keçirilən BMT-nin İqlim Sammiti - COP29-da gərgin müzakirələrin nəticəsiz qalma ehtimalı yaranıb.

Dünya güclərinin iqlim dəyişikliyinə qarşı mübarizəsini əlaqələndirən konfransın bu il qarşısında hansı vəzifələr vardı?

COP28-də dünya ölkələri enerji sektorunda qalıq yanacaqdan istifadənin azaldılması kimi çox mühüm irəliləyiş əldə etdilər. Bakıda isə işin ən ağır tərəfi – maliyyələşmə məsələləri müzakirə olunurdu. Buna görə də onu qlobal iqlim dəyişikliyi mərkəzi məqsədinə görə "İqlim maliyyəsi üzrə konfrans" adlandırıblar. Mərkəzi məqsəd inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə bağlı xərclərin öhdəsindən gəlməyə kömək etmək üçün hər il nə qədər vəsaitin xərclənməsinin razılaşdırılması idi.

COPE.jpg

İqlim dəyişikliyi anlayışını belə qəbul etməyən Donald Trampın ABŞ-da yenidən prezident seçilməsi konfransda bir qədər məyusluq yaratsa da, tədbirin ilk günündə çox mühüm razılaşma - karbon krediti bazarı üçün yeni beynəlxalq qaydalar üzrə konsensus əldə olunub.

Bu tədbirlər karbon ticarətinin şəffaflığını və səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq. Ekspertlərin fikrincə, bu həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrə öz iqlim məqsədlərinə çatmağa kömək edəcək. Bu addım iqlim dəyişikliyi ilə qlobal mübarizədə mühüm mərhələ kimi qiymətləndirilir.

Builki sammitdə üstünlük təşkil edən qısaltma Yeni Kollektiv Kəmiyyət Məqsədini ifadə edən NCQG-dir. Bu, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə adaptasiya üçün illik 100 milyard dollar maliyyənin artırılmasını nəzərdə tutur. Zəngin ölkələr 2020-ci ildən bəri bu illik məqsədə yalnız bəzən nail olurlar ki, bu da dünyada iqlim dəyişikliyinə həssas olan ölkələr arasında inamsızlığın artmasına səbəb olur.

Konfrans başlamazdan məlum idi ki, COP29 qarşıdakı illər üçün daha yüksək hədəflər qoyduğuna görə zəngin ölkələr maliyyələşmənin bütünlüklə onların öz büdcələrindən ayrılmaması üçün müxtəlif variantlar təklif edəcəklər. Onlar iqlimlə bağlı qlobal çoxtərəfli kreditləşmə kompleksinin maliyyə risklərini azaldan və özəl kapitalın artımını stimullaşdıran formada islahatını əhatə edən daha mürəkkəb format təklif edirdilər.

Bu zaman inkişaf etmiş ölkələrin ümumi illik hədəfinin nə qədərini təklif edəcəyi aydın göstərilmirdi. Eyni zamanda Çin və ya Yaxın Şərqdəki Körfəz neft dövlətləri kimi sürətlə inkişaf edən ölkələrin də ABŞ və Avropa İttifaqının müdafiə etdiyi bu təklifin icrası üçün töhfə verib-verməməsi aydınlaşdırılmamışdı.

İnkişaf etməkdə olan ölkələr qlobal bank sistemində islahatlar aparmaqla mövcud iqlim maliyyəsinin illik həcmini kəskin artırmağa ümid edirdilər. BMT agentlikləri hər il trilyonlarla dollara ehtiyac olduğunu bildirirdilər, lakin COP29-a ev sahibliyi edən Azərbaycanın rəsmiləri konsensus variant kimi “yüz milyardlarla” dollarlıq öhdəliklərin qəbulunu daha real sayırdılar.

COP29-la bağlı digər gözlənti qalıq yanacağa tələbatın azaldılması yolu kimi bərpa olunan enerji potensialının üçqat artırılması və ikiqat enerji səmərəliliyi üzrə öhdəliklərin götürülməsi istiqamətindəydi.

Həmçinin COP29-un Paris Sazişinin Kredit Mexanizmi (PACM) çərçivəsində qeydə alınmış layihələrin şəffaflığını və ekoloji bütövlüyünü təmin etmək üçün qaydalar müəyyən edəcəyinə dair gözləntilər də vardı.

KREDİT.jpg

Azərbaycan konfransın təşkilatçısı kimi ölkələrin dekabrın 31-nə qədər iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərə dair ilk irəliləyiş hesabatlarını təqdim etməsini təklif edib. Bu ikiillik şəffaflıq hesabatları (BTRS) bir ölkənin iqlim məqsədlərinə doğru irəliləyişini və fevral ayına qədər yeni hədəflərin müəyyən edilməsində nə qədər irəli getməli olduqlarını göstərmək üçün nəzərdə tutulub. BTRS həmçinin inkişaf etməkdə olan ölkələrin həm iqtisadiyyatlarını mədən yanacaqlarından uzaqlaşdırmaq, həm də daha isti dünyaya uyğunlaşmaq üçün hazırda nə qədər maliyyələşdirməyə ehtiyacı olduğu barədə məlumat verəcək.

Keçən il ölkələr insanların istiləşmə, dəniz səviyyəsinin yüksəlməsi və ya kənd təsərrüfatı torpaqlarının quruması kimi iqlim dəyişikliyinə uyğunlaşmasına kömək etmək üçün milli planlara dair təlimatlar hazırlamağı öhdələrinə götürüblər.  Lakin uyğunlaşma çərçivəsində tərəqqinin ölçülməsi üçün kəmiyyətlə ölçülə bilən hədəflər və ya layihələri iqlim maliyyəsi ilə əlaqələndirmək üçün strategiyalar kimi təfərrüatlar yoxdur. Buna görə də ölkələr COP29 zamanı daha konkret uyğunlaşma hədəfləri təyin etməyə ümid edirlər.

Gözləntilər çoxistiqamətli olsa da, əsas müzakirələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə uyğunlaşmaq üçün göstəriləcək yardıma yönəldi. Çünki inkişaf etməkdə olan ölkələr, xüsusilə Qlobal Cənub ölkələri iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərdən, o cümlədən quraqlıq, daşqın, sel və digər hadisələrdən daha çox əziyyət çəkirlər. Onların belə hadisələrə qarşı oturuşmuş mübarizə sistemləri, həmçinin inkişaf etmiş infrastrukturları yoxdur. Buna görə də belə ölkələr iqlim dəyişikliyinə adaptasiya xərcləri kimi ildə 1 trilyon dollara yaxın vəsait gözləyirdilər. Lakin gözlənildiyi kimi, inkişaf etmiş ölkələr – ABŞ və Avropa İttifaqının dirijorluğu ilə sonradan 300 milyard dollara qədər qaldırılması mümkünlüyü şərtilə ildə 250 milyard dollar təklif etdilər. Məhz bu səbəbdən noyabrın 22-də başa çatmalı olan konfrans hələ də yekunlaşmayıb.

Britaniyanın The Guardian qəzetinin yazdığına görə, Bakıda keçirilən iqlim danışıqlarında noyabrın 22-də nazirlər gecə boyu oturub razılaşmanı xilas etmək müzakirələr aparıblar. Nəticədə inkişaf etməkdə olan ölkələrə iqlim böhranı ilə mübarizədə kömək etmək üçün qlobal maliyyə təklifini ildə 300 milyard dollara çatdırmağa razılaşıblar.

DOLLAR.jpg

The Guardian xəbər verir ki, Azərbaycan təşkilatçıları iqlim maliyyəsi ilə bağlı əsas mübahisəli məqamları müzakirə etmək üçün Çin, Aİ, Səudiyyə Ərəbistanı, Braziliya, Böyük Britaniya, ABŞ və Avstraliyanın da daxil olduğu kiçik bir qrup nazir və nümayəndə heyətinin rəhbərləri ilə uzun qapalı görüş keçirib:

“İnkişaf etməkdə olan ölkələr cümə günü təklif olunan 250 milyard dollarlıq iqlim maliyyəsini nəzərdə tutan yekun sənədə qəzəblə reaksiya verdilər. Onlar təklifi "zarafat" adlandırdılar və bu məbləğin aşağı karbonlu iqtisadiyyata keçid və ekstremal havanın təsirlərinə uyğunlaşmaq üçün lazım olandan çox az olduğunu söylədilər. Bu, təklifin şərtlərini yaxşılaşdırmaq üçün diplomatik səylərə təkan verdi”.

Beləliklə, BMT-nin idarə etdiyi karbon krediti bazarının 2030-cu ilə qədər hər il 300 milyard dollara çatacağı və ildə 5 milyard ton CO2 emissiyasının azaldılmasına nail olacağı gözlənilir. Belə bir sistem inkişaf etməkdə olan iqtisadiyyatlarda çirklənmənin azaldılması layihələrinə milyardlarla dollar sərmayə qoymalı və zəngin ölkələrə karbon kreditləri müqabilində emissiyalarını kompensasiya etməklə iqlim öhdəliklərini yerinə yetirməyə imkan verməlidir.

2007-ci ildən qlobal karbon bazarlarını inkişaf etdirən Beynəlxalq Emissiya Ticarət Assosiasiyası (IETA), mərkəzləşdirilmiş emissiya ticarəti mexanizminin emissiya ticarəti üçün "qızıl standart" ola biləcəyini vurğulayır. Yeni sistemin inkişaf etməkdə olan ölkələrdə çirklənmənin azaldılması layihələrinə sənayeləşmiş ölkələrin kütləvi investisiyaları üçün çərçivə yaradacağı və bu kreditləri aktiv şəkildə alan ölkələrin iqlimlə bağlı öhdəliklərini yerinə yetirməsini xeyli asanlaşdıracağı gözlənilir.

2015-ci il Paris Sazişinin 6.4-cü maddəsində nəzərdə tutulan bu mərkəzləşdirilmiş mexanizm BMT administrasiyası altında beynəlxalq karbon ticarətini tənzimləyir. Bu, inkişaf etmiş ölkələrə emissiyaların azaldılması layihələrindən əldə edilən karbon kreditlərinin alınması vasitəsilə öz iqlim məqsədlərinə nail olmağa imkan verir. Bu layihələrə ağac əkilməsi, günəş və külək enerjisinin inkişafı və digər ekoloji cəhətdən davamlı təşəbbüslər daxildir.

The Guardian-ın yazdığına görə, Bakıda razılaşdırılmaq üzrə olan sənəddə "həm dövlət, həm də özəl fondlardan istifadə etməklə, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirləri ilə mübarizə üzrə təşəbbüslərinin maliyyələşdirilməsinin ən azı 1,3 trilyon dollara çatdırılması nail olmaq üçün birgə işləməyə çağırış" da var.

Qeyd edək ki, bəzi inkişaf etməkdə olan ölkələr iqlimin maliyyələşdirilməsində ildə 1,3 trilyon dollarlıq dəqiq öhdəliklər tələb edirdilər. Çinin başçılıq etdiyi digər bir qrup inkişaf etməkdə olan ölkələr isə ildə ən azı 500 milyard dollar ayrılmasını tələb ediblər. Lakin ABŞ və Avropa İttifaqının başçılıq etdiyi inkişaf etmiş ölkələr bloku məbləğin azaldılması və ondan bəhrələnəcək ölkələr üçün müəyyən şərtlərin qoyulmasında təkid edirlər.

Avropa İttifaqı hansı məbləği xərcləməyə hazır olduğunu açıq şəkildə açıqlamayıb. Eyni zamanda Brüssel maliyyələşdirmə müqabilində inkişaf etməkdə olan ölkələrdən digər məsələlərlə yanaşı, istixana qazlarının emissiyasını azaltmaq üçün səylər tələb edəcəyi barədə xəbərdarlıq edib. Ərəb ölkələri isə Avropa təşəbbüsündə karbohidrogen hasilatını məhdudlaşdırmaq istəyini görərək bu yanaşmaya qarşı çıxırlar.

Son məlumata görə, COP29-un yekun sənədinin mətni açıqlanıb. Tərəflər inkişaf etməkdə olan ölkələrə 2035-ci ilədək ildə 300 milyard dollar ayrılması barədə razılığa gəliblər. Bu vəsaitin mühüm hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır.

SANAD.jpg

Hazırda son variant üzərində müzakirələr aparılır.

COP29 zamanı açıqlanan mövqelər göstərdi ki, bərpa olunan enerjidən istifadəyə keçidə trilyonlarla dollar xərcləyən inkişaf etmiş ölkələr kasıb ölkələrin iqlim dəyişikliyinə uyğunlaşmasına ciddi dəstək vermək niyyətində deyillər. Karbon emissiyasının azaldılması üzrə böyük hədəflər müəyyənləşdirən belə ölkələr məhz onların karbon emissiyası nəticəsində yaranan qlobal iqlim fəsadlarından əziyyət çəkən ölkələrə yardıma gələndə “kasıblaşırlar”.

Dünya SAKİT,
Musavat.com

Seçilən
21
50
musavat.com

10Mənbələr