AZ

15 dəqiqəyə Bakıya çatdıran yol: "İşıqfor yox, tıxac yox" - VİDEO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisi icra olunan Böyükşor-Pirşağı yeni avtomobil yolu ümumi uzunluğu 12.7 km olmaqla 1b texniki dərəcəyə uyğun olaraq inşa edilib.

Paytaxt.org xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, torpaq yatağının eni 30.6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla yeni yol altı hərəkət zolağından ibarətdir.

Layihəyə əsasən, yolboyu üç yol qovşağı, dörd körpü və bir yerdə altkeçidin inşası aparılıb.

Yolboyu zəruri yerlərdə "U" tipli geri dönüşlərin tikintisi, həmçinin müxtəlif diametrlərə malik suötürücü boruların quraşdırılması işləri icra olunub.

Həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni səkilər salınıb. Yeni avtomobil yolunun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb.

Bundan başqa, müasir tələblər nəzərə alınaraq, yolun 3-cü kilometrliyində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları quraşdırılıb.

Qeyd edək ki, yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.

Seçilən
16
11
paytaxt.org

10Mənbələr