AZ

Paşinyanın “erməni fəlsəfəsi” və Trotskinin inqilaba baxışı

Ermənistanın baş naziri reallığı deyir, amma...

Marksist nəzəriyyəçisi Lev Trotskinin maraqlı və maraqlı olduğu qədər təzadlı fikri var. Təzad onun özünün də təşəbbüskarı və ideoloqu olduğu inqilab məvhumunu yerdən-yerə vurmasıdır. Ancaq Trotski, müəyyən mənada, reallığı bildirir və deyir ki, bütün inqilablar oğruların və fahişələrin “filosof” olmaları üçün həyata keçirilir. Bu fikri nə üçün yada saldığımızı yazının sonunda biləcəksiniz. Hələlik isə...                       

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai televiziyasına müsahibəsində bir çox mətləblərdən söz açıb. Onlardan yalnız biri üzərində dayanacağıq. Söhbət Nikolun Azərbaycanın konstitusiya dəyişikliyi tələbi və Ermənistanın İstiqlaliyyət bəyannaməsi haqqında bildirdiklərindən gedir. 

Əvvəlcə, onu deyək ki, qonşulara qarşı ərazi iddiası erməni varlığının son dərəcə ağır pataloji xəstəliyidir. Bu varlıq üçün hər şey, xüsusən, mahiyyətini anlaya bilmədiyi dövlətçilik şüuru məhz həmin xəstəlik üzərində qurulub. Əslində, Paşinyan da dolayısı ilə mövcud məqama toxunur. Ancaq unutmaq olmaz ki, Nikolun özü də hansısa formada xəstəlik daşıyıcısıdır. Hər halda, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən o idi.                                                                       

Qarabağdan söz düşmüşkən, Ermənistan cəmiyyətində, habelə, ictimai-siyasi industriyasında Qarabağ isteriyası davam edir. Bölgə Azərbaycan tərəfindən işğal olunmuş ərazi kimi göstərilir. Ən pisi isə odur ki, belə yaramaz təqdimatlar ölkə hüdudlarından kənarda da dəstəklənir. Xaricdəki ermənipərəstlər məsələnin üzərinə çox açıq formada gəlirlər. O ermənipərəstlər ki, onların Ermənistan hakimiyyəti ilə bağlılıqları şübhəsizdir.                                                                                                           

Mövcud durumda Paşinyan nə qədər “Real Ermənistan” formulunu ortaya atsa da, onun təqdimatı qeyri-səmimi təsir bağışlayır. Axı, nə erməni cəmiyyəti, nə də iqtidarı reallığa yaxın gəlir. Məsələn, rəsmi İrəvanın təmsilçiləri “Qarabağın erməni mədəni mirası” məsələsini beynəlxalq platformalara ötürürlər. Üstəlik, onlar “Qarabağda etnik təmizləmə” ritorikası üzərində dayanırlar. Belə olan təqdirdə, Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan deputatı Artur Hovhanisyanın ilk baxışdan səmimi görünən  aşağıdakı fikirləri də şübhə doğurur: “30 ildir ki, başqalarına məxsus olanı (Qarabağ) sevməyə məcburuq. Başqa ölkənin beynəlxalq səviyyədə tanınan torpaqlarından nə istəyirsiniz? Ermənistan küçələrində gəzəndə özünüzü Vanda, yoxsa İrəvanda hiss edirsiniz? Biz hamımız real Ermənistanda yaşayırıq. Ona görə də gəlin, diqqətimizi ölkəmizə yönəldək”.                

Məsələ ondadır ki, “Qarabağda etnik təmizləmə”, “Qarabağın erməni mirası” kimi deyimlər, istər-istəməz, diqqəti “Real Ermənistan”dan uzaqlaşdırır, onsuz da xəstə olan şüurlarda qıcıq yaradır, avantürizmi körükləyir. İndi biz İrəvanın türk-müsəlman mirasını necə viran qoyulmasından söz açaq? Halbuki, bunu etsək, tam haqlıyıq, çünki əlahəzrət tarix var. O tarix ki, ermənilərin qondardığı əfsanələrə yox, real faktlara əsaslanır. 

***

Buna görə də Azərbaycan Ermənistanla sülh şərtlərinə son dərəcə ehtiyatla yanaşır və mövqeyində haqlıdır. Əvvəldə də bildirdiyimiz kimi, rəsmi Bakı Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının olduğunu bildirir və erməni ana qanununun dəyişdirilməsini tələb edir. İstədiyimiz işğalçıq cəhdinin gerçəkləşməyəcəyinə dair təminatdır. Təminat isə nə Paşinyanın, nə Hovhansyanın, nə də qeyrisinin ayrı-ayrı çıxışlarda, müsahibələrdə bildirdikləridir. Zamanında Ermənistanın baş naziri və parlament sədri də Azərbaycana güzəştlərin tərəfdarı idi. Axırı necə oldu? Bu şəxslər qətlə yetirildilər. Söhbət 1999-cu ilin oktyabrında Ermənistan Milli Assambleyasında törədilmiş qanlı terrordan gedir... 

***

Bəli, Azərbaycana real təminat lazımdır. Real təminat erməni xalqının iradəsinin məhsulu kimi meydana çıxmalıdır. İradə göstərmək üçünsə referendum keçirilməlidir. Ona görə ki, xəstə erməni cəmiyyəti Paşinyanın müsahibəsində dediklərini, böyük ölçüdə, qəbul etmir. Məsələn, erməni cəmiyyəti Nikolun “Biz İstiqlaliyyət bəyannaməsinə ətraf mühitimizlə uzun və dərin ziddiyyətləri nəzərdə tutan bir məntiq yaratdıq” fikrini anlamır. Həmin cəmiyyət hesab edir ki, sənəddə yazılanlar milli identikliyin təsviridir və bundan uzaq durmaq faciələrə yol açacaq. Halbuki, erməni varlığı tarix boyu heç vaxt avantürizmdən kənar dayanmayıb və onsuz yaşamağın necə bir şey olduğunu nəinki bilmir, heç təsəvvürə də gətirmir. Bəlkə bu səbəbdən N.Paşinyan deyir ki, erməni mühitində uzun və dərin münaqişə məntiqi var və bu münaqişəyə görə Ermənistan mövcud ola bilməz. “Çünki təsəvvür edin, biz yeni müstəqil dövlət yaradırıq, Azərbaycan və Türkiyə ilə münaqişə məntiqi ortaya qoyuruq”.                            

Həqiqətən, müasir Ermənistan dövləti ərazi iddiası üzərində qurulmuş kortəbii sistemdir. Nikolun düşüncəsinə görə, erməni varlığı üçün sonrakı məntiq budur: “Bu mühitdə belə münasibətlər şəraitində necə yaşamalıyıq? Bunun üçün bizə super sponsor lazımdır, başqa çıxış yolu yoxdur”.                                                                            

Göründüyü kimi, Paşinyan daha bir reallığı açıqlayır. O anlamda ki, Ermənistan işğalçılığı öz gücü hesabına etməmişdi. İllərlə sürdürdüyü təcavüzkarlıq kənar qüv­vələrin “əməyinin” məhsulu idi. Deməli, stereotiplərdən uzaqlaşmaq lazımdır. Nikol bunun mesajını verir. Amma məsələyə fundamental baxmaq istəmir. 

***

Paşinyanın köklü yanaşmadan uzaq durmasını “Konstitusiyaya dəyişikliklərin edilməsi və İstiqlaliyyət bəyannaməsinə istinadın konstitusiyadan çıxarılması təklifi ilə ictimaiyyətə müraciət edəcəkmi?” sualına cavabı da təsdiqləyir: “Bu məsələləri bir-biri ilə əlaqələndirməyək. Çünki Konstitusiya məhkəməmiz artıq bəyan edib ki, bizim İstiqlal bəyannaməmiz yalnız konstitusiyada sözbəsöz ifadə olunan hissələrlə de-yure hüquqi qüvvəyə malikdir. Qeyd etdiyim hissələrin heç biri konstitusiyada sözsüz ifadə olunmayıb”.                                 

Ardınca Paşinyan vurğulayıb ki, ermənilər özlərinin daxili anlayışları, sosial psixologiyaları üçün İstiqlal bəyannaməsindən danışırlar: “İndi biz çox narahatıq ki, haradasa kimlərsə “Qərbi Azərbaycan” ifadəsini işlədir, elə deyilmi? Biz “Qərbi Ermənistan” deyəndə bunun da bəzilərini qıcıqlandırdığını düşünmürükmü? İndi yenə deyəcəklər ki, bu, növbəti xəyanətdir. Amma bu gün elə bir statusdayam ki, xalqımızla danışmağa, səbəb-nəticə əlaqəsi, zəncir göstərməyə məcburam. Əgər bunu etməsəm, o zaman ölkəmizi qəsdən dövlətçiliyin itirilməsinə aparacağam, buna yol verə bilmərəm”.

***

Bir daha Azərbaycanın sülh naminə tələbi və təminat istəyi üzərinə gələk. Məsələ ondadır ki, ermənilərin özlərinin sosial psixologiyaları üçün rəmzləşdirdikləri şeylər avantürizm mənbəyidir, ətrafa ziyan vurur. Bunu onların iki yüz illik dövrdə gerçəkləşdirdikləri hərəkətlər də təsdiqləyir. Paşinyan, ilk növbədə, buna diqqət yetirməlidir. O başa düşməlidir ki, İstiqlaliyyət bəyannaməsi adlı sənəddən, ümumiyyətlə, imtina edilməlidir. Həmin sənəddə yazılan heç nə daxili anlayış prizmasında dəyərləndirilə bilməz. Bir ölkəyə, onun xalqına qarşı iddia irəli sür, sonra da bildir ki, bu, daxili anlayışdır?! Məhz bu düşüncəsinə görə, Paşinyanın “Real Ermənistan” haqqında qoşduğu “ballada”lara inanmaq lüzumsuzdur. 

Ermənistan bütün iddialarından əl çəkməli, özü də addımını nümayişkaranə formada, bütün dünyanın gözü qarşısında, təntənəli şəkildə atmalıdır. Bunun yolu isə konstitusiya dəyişikliyindən, referendumdan keçir. İndiki durumda referendum erməni varlığı üçün günahların bağışlanması ritualıdır. Elə bir ritual ki, yaddaşlara birdəfəlik həkk olsun. Nə zamansa, tipik xəstəlik baş qaldıranda yada məhz referendum  düşsün. 

Sonda Trotskinin fikirlərinə qayıdaq. Baş nazir Nikol Paşinyan 2018-ci il inqilabı ilə hakimiyyətə gəlmişdi. Onun “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını xatırlatdıq. İndi danışdıqları da, manipulyasiyaları da göz önündədir. Yaxşı olar ki, Nikol, ilk növbədə, özünü düzəltsin. Birinci şəxs kimi, tipik erməni olmaqdan səmimi şəkildə imtina etsin. Bir sözü ilə o biri sözü düz olsun. Mövcud trayektoriyada isə “filosofluğa” ehtiyac yoxdur. Çünki Trotskinin təbirincə desək, kənardan oğru kimi görünür.

Ə.RÜSTƏMOV
XQ 

 

Seçilən
23
xalqqazeti.az

1Mənbələr