AZ

Qərb təsisatlarının islamofob təlaşı

Lüksemburqun əsassız qətnaməsi, ABŞ-ın, Avropa təsisatlarının ideoloji ruporu, təxribat maşınlarının «vint»cikləri olan konqresmen Frank Peloni, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel kimilərinin ölkəmizlə bağlı təxribatları başdan iylənən balığın bogaza ilişən tıxına bənzəyir

Prezident İlham Əliyev haqqında danışılanda onun təcrübəli dövlət başçısı, beynəlxalq ictimaiyyəti düşündürən qlobal hadisələri məntiqlə təhlil edib düzgün nəticə çıxaran lider , ən başlıcası isə uzaqgörən siyasətçi kimi təqdim olunması təsadüfi deyil. Dövlət başçısı kimi respublikaya rəhbərliyinin əsas prioritetlərini açıqlayan, Azərbaycanın iqtisadi inkişafı üçün bütün imkanlardan səmərəli istifadə etməklə ölkəmizin dünya birliyində mövqeyinin möhkəmlənməsi üçün xarici siyasətimizin hədəflərini göstərən Prezident İlham Əliyev dövlətlər və xalqlar arasında qarşılıqlı etimadı diplomatik uğurlarımızın başlıca şərti kimi diqqətdə saxlayır. Beynəlxalq təşkilatlarda layiqincə təmsil olunan Azərbaycanın dövlətçilik maraqlarının, xalqımızın milli mənafeyinin, qorunması naminə qətiyyət göstərən Prezident İlham Əliyev dövlətçilik təcrübəsi ilə ölkəmizin uğur diplomatiyasının səhifələrini zənginləşdirir. Xüsusilə Avrointeqrasiya istiqamətində qarşılıqlı etimadın qorunması üçün mümkün imkanlardan istifadə edən Azərbaycanın qlobal enerji və nəqliyyat sahələrində qazandığı uğurların, qitə dövlətlərinin iqtisadiyyatına və enerji təhlükəsizliyinin təminatına yönələn təşəbbüslərinin dəstəklənməsi və reallaşması Cənubi Qafqazın lider dövləti olan ölkəmizin nüfuzunu artırır. Dövlət başçımızın fərqli, nümunəvi xüsusiyyətlərinin etirafını aktuallaşdırır. Torpaqlarımız 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı müddətdə rəsmi İrəvana siyasi, hərbi dəstəyini əsirgəməyən, İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vurandan sonra da ölkəmizə düşmən mövqeyini davam etdirən Avropanın ermənipərəst dairələri, beynəxalq təşkilatlar təxribatlarını davam etdirirlər. Xüsusilə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlər ərəfəsində «canlanan» ermənipərəst avropalılar, Fransa Prezidenti Emmanuel Makron kimi, Almaniyanın, Niderlandın rəhbərlərinin Azərbaycanın ev sahibliyi etdiyi və uğurla başa çatan COP29 günlərində apardıqları və eyni mənbədən qaynaqlanın təxribatların, mənfur niyyətlərin iç üzü aşkarlandı. Qitə dövlətlərinin məkrli niyyətlərini pərdələsələr də, guya Ermənistana «humanitar dəstək göstərdiklərini» bildirsələr də artıq hər şey bəllidir. Daim ABŞ-ın göstərişləri ilə hərəkət edən, korrupsiyalaşmış Avropa təsisatlarının ermənipərəst üzvlərinin, deputatlarının rüşvətxorluq faktları ilə bağlı beynəlxalq məhkəmələr davam edir.

Qitə dövlətləri arasında fikir ayrılıqları müəyyən məqamlarda açıq-aşkar hiss olunur. Bu reallığı Prezident İlham Əliyevin sözləri də təsdiqləyir: «Bunu həm tarix göstərir, həm Avropa məkanında gedən proseslər göstərir, həm də onu Brexit göstərir. İndi əksinə, necə deyərlər, Avropada mərkəzdənqaçma tendensiyaları göz önündədir. Eyni zamanda, Avropa İttifaqının genişləndirilməsi ilə bağlı Avropanın aparıcı ölkələrinin rəhbərlərinin çıxışlarına fikir vermək kifayətdir görək ki, artıq genişlənmə ilə bağlı heç bir perspektiv yoxdur. Hətta namizəd olan ölkələr - Balkan ölkələri, hesab edirəm ki, onlar da indi bir qədər çətin vəziyyətdədir. Çünki vaxtilə onlara vəd verilmişdi ki, siz bu məsələləri həll etməklə Avropa İttifaqına üzv ola bilərsiniz və onlar da bu addımları atıblar. Bəziləri çox ağrılı addımlar atmalı oldular. Mən indi o ölkələrin adlarını çəkmək istəmirəm, amma biz hamımız bilirik söhbət nədən gedir. Bəziləri üçün bu addımlar çox baha başa gəldi, bu, ölkələrdə daxili qarşıdurmaya, böyük etirazlara gətirib çıxardı. O ölkələrin cəmiyyətləri parçalandı. Nəyə görə onlar bu addımı atdılar? Onlara söz verildi ki, sizin gələcəyiniz var, siz bunu, bunu, bunu etsəniz biz sizi qəbul edəcəyik. Amma indi Avropanın aparıcı ölkələrinin liderləri deyirlər ki, artıq heç kimi qəbul etməyəcəyik. Hesab edirəm ki, hətta uzunmüddətli perspektivdə Avropa ölkələri üçün belə imkan yoxdur.»

Başqalarına ağalıq iddialarını hələ də tərgitməyən Fransa, Almaniya kimi ölkələrin Cənubi Qafqaz, erməni sevdalılarının əsl məramı «demokratiya, insan hüquqlarının qorunması» amillərini bəhanə edərək neokolonialist siyasətlərini pərdələməkdir.

Qardaş Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında illərdən bəri aparılan danışıqları yada salaq. Rəsmi Ankara qarşısında qoyduqları şərtləri zamanla «təzələməklə» Türkiyənin quruma qəbulunu ləngidən avropalı «ədalətli demokratlar» başqalarını təşkilata sorğu-sualsız qəbul edirlər. «Nə üçün onları qəbul ediblər, müsəlman ölkəsi olan Türkiyəni qəbul etməyiblər» sualının cavabı aydın və ritorikdir.

Avropada milli və dini zəmində baş verən proseslərdən də aydın olur ki, islamofobiyanın genişləndiyi Fransanın daxil olduğu təşkilatlarda demokratiya məfhumu kiçik dövlətləri əsarət altında saxlamaq üçün «demokratiya dəyənəyi»dir. «Stop İslam”!», «İslam miqrantlara yox” şüarları!» ilə şovinizmi dəstəkləyənlərin Avropa Parlamentində üstünlük qazanmaları vəziyyəti daha da gərginləşdirir. «Ona görə bəzi hallarda Avropa İttifaqının bayraqları ilə küçələrə çıxmaq istəyən dırnaqarası müxalifət nümayəndələri bilməlidirlər ki, onlar nə istəyirlər? İstəyirlər ki, Azərbaycanın taleyi Brüsseldəmi həll olunsun? İstəyirlər ki, bizim əsrlər boyu qoruduğumuz dəyərlər məhv olsun? Biz bu dəyərləri əsrlər boyu qorumuşuq, hətta müstəqil olmayan dövrdə. Başqa ölkələrin, imperiyaların tərkib hissəsi olan dövrdə dilimizi də, dinimizi də, dəyərlərimizi də, ənənələrimizi də, həyat tərzimizi də qorumuşuq. İndi belə olan halda müstəqillik dövründə biz özümüz öz taleyimizi kiməsə əmanət edə bilərik? Qətiyyən yox və qətiyyən biz buna gedə bilmərik. Bizim öz tariximiz, öz mədəniyyətimiz, öz dəyərlərimiz var. Ona görə onlar bizə təklif versə belə, buna qətiyyən getmək olmaz» söyləyən Prezident İlham Əliyev anti-Azərbaycan dairələrin əlində oyuncaq olan Ermənistanı gözləyən aqibətin qaranlıq yollarını açıqlayır. Populist vədlərlə Ermənistanın baş naziri Nikol Paşinyanın başına sığal çəkən ABŞ-ın, Avropa təsisatlarının ideoloji ruporu, təxribat maşınlarının «vint»cikləri olan konqresmen Frank Peloni, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel kimilərinin ölkəmizlə bağlı təxribatları başdan qoxan balığın bogaza ilişən tıxıdır. Beynəlxalq təşkilatlara ev sahibliyi etməklə sivilizasiyalararası körpü rolunu uğurla davam etdirən Azərbaycan qürurlu ölkə kimi öz yolu ilə getdiyini, heç kimə ehtiyacının olmadığını dünyaya bəyan edir. Odur ki, COP-un davam etdiyi müddətdə də Azərbaycanafob meyillərini gizlətməyən anti-Azərbaycan dairələrin çağırılmamış elçilərinin Cənubi Qafqazı yenidən müharibə ocağına çevirmək cəhdləri baş tutmayacaq.

Şimalından cənubuna maşınla təxminən iki saata çatmağın mümkün olduğu Lüksemburq kimi «cırtdanların» Azərbaycanla bağlı qətnamə qəbul etməsi sərsəmlikdir. İkinci Qarabağ müharibəsindən sonra başını başlara qoşub «Mən də varam!» xəyalına düşən bu ölkənin parlamentində bu günlərdə yenidən Azərbaycanla bağlı əsassız qətnamənin qəbulu «Keçinin buynuzunun çobanın çomağına ilşiməsi» təsəvvürü yaradır. Ümumiyyətlə, Cənubi Qafqazdan uzaq, heç bir siyasi çəkiyə malik olmayan bu ölkənin yuyulmamış qaşıq kimi ortaya düşməsi səviyyəsizlik, toy toğlusu kimi qurbanlıqdır. Çünki 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalından azad etdikləri torpaqlar dörd Lüksemburq ərazisinə bərabərdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü, ədalətlə yerinə yetirən Azərbaycanın yürütdüyü müstəqil və prinsipial xarici siyasətdən narahat olan Lüksemburqda anlamalıdırlar dəvədən böyük olan fillərin, Fransanın, Almaniyanın, Niderlandın, Kanadanın at oynada bilmədiyi Cənubi Qafqazda başqalarının «çətiri” altına sığınan, Makronun diktəsi ilə danışan cırtdan” Lüksemburqun ittihamları milçək vızıltısı, siyasi riyakarlıqdır. Erməni lobbisinin maliyyə dəstəyi ilə danışan Lüksemburqun qətnaməsində heç bir məntiqə sığmayan yalan iddialar boylarından yuxarı tullananların aqibətinə bənzəyir. 196 dövlətin bəşəriyyətin gələcəyinin xilasına yönəlmiş məsələlərin müzakirə olunduğu COP29-da iştirakdan imtinası bu ölkənin bəşəri duyğulara , planetimizin gələcəyi üçün təhlükə olan risklərə biganəliyindən qaynaqlanır. Dünya ictimaiyyətini düşündürən qlobal problemlərin müzakirəsindən uzaqda dayanmaq təkcə Azərbaycana deyil, bəşəriyyətə xəyanətdir. Müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqq səsinin ölkəmizdən səslənmsindən təşvişə düşən, hirsini Lüksemburq kimi əlaltılarını təlimatlandırmaqla çıxan Makronun səviyyəsizliyi Təhlükəsizlik Şurasında təmsil olunan Fransanın BMT-yə, beynəlxalq hüquqa hörmətsizliyidir. Qlobal miqyasda narahatlıq doğuran problemlərin müzakirə olunduğu COP29-da iştirak edən insanların ölkəmiz haqqında söylədikləri xoş sözlərlə müqayisədə Lüksemburqun sayıqlaması samanlıqdakı bəyliyə bənzəyir. Əksinə, COP29-da iştirak reallıqları təkzib edən bu ölkəyə hörmət qazandırardı. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu ilin yanvar ayındakı sessiyasında ölkəmizi qurumda təmsil edən nümayəndə heyətinin etimadnaməsinin tanımasının əleyhinə səs verənlər arasında Lüksemburqun deputatları da var idi. Lüksemburqu qurumda təmsil edən deputatları Oktavi Moder və İv Kruxtenin kimi digər 76 deputatın ölkəmizə səfərlərinin qadağan edilməsi, «persona non-qrata”» elan olunması demokrtiyaya, beynəlxalq hüquq normalarına tam uyğundur. Onlar sözügedən qətnaməni dəstəkləməklə, ölkəmizə qarşı riyakarlıq və siyasi ikiüzlülük göstərdikləri üçün layiqli cavablarını aldılar. Makrona, Lüksemburqun erməni lobbisinin maliyyə dəstəyi ilə «lüks» həyat keçirən deputatlarına Prezident İlham Əliyevin sözlərini xatırladaq: «Azərbaycana heç kim heç nəyi diktə edə bilməz, biz nəyi, nə zaman, necə icra etməyi özümüz yaxşı bilirik.» Lüksemburqun deputatlarına tövsiyəmiz budur ki, böhranla üz-üzə qalan siyasi düşüncələrinə, deputatlıq səlahiyyətlərinə əsl demokratik prinsiplər əsasında dəyər versinlər.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
78
ikisahil.az

1Mənbələr