29-cu iqlim konfransının baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında COP29 Prezidentliyinin bütün tərəflərlə həlli başa çatdırılmayan məsələlərə düzəlişlərin olunması ilə bağlı hərtərəfli işi davam etdirəcəyini bildirib. Baş danışıqçı daha sonra vurğulayıb: “Əsas hədəfi bütün tərəflərin qarşıya qoyulan məqsədə nail olmasına çalışmaqdan ibarətdir. Eyni zamanda, biz konfransın yekun nəticələrinin mümkün qədər iddialı olmasını gerçəkləşdirmək üçün birgə fəaliyyəti davam etdirəcəyik. Onu da vurğulamaq istəyirəm ki, COP29 Sədrliyi 250 milyard dollarlıq məbləğindəki illik maliyyələşmənin ədalətli və iddialı rəqəm olmadığını düşünür. Bununla belə, digər tərəflərlə birgə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur. Ümid edirik ki, yekun nəticədə irəliləyiş əldə olunacaq, təklif olunan məbləğə bir daha baxılacaq...”.
İqlim dəyişikliyinin dağıdıcı təsirlərinin öhdəsindən gəlmək üçün mübarizə aparan inkişaf etməkdə olan ölkələr uyğunlaşma və təsirlərin yumşaldılması səylərini dəstəkləmək üçün əhəmiyyətli maliyyə vəsaitinin zəruriliyini bildirirlər. İnkişaf etmiş ölkələr isə öhdəliklərini məhdudlaşdırmaq üçün səbəb kimi iqtisadi təzyiqləri, o cümlədən COVID19 pandemiyasının nəticələrini, Rusiya–Ukrayna münaqişəsini və digər məsələləri göstərirlər. Onların 200–300 milyard dollarlıq təklifi qlobal iqlim böhranını ədalətli şəkildə həll etmək üçün ehtiyac duyulan trilyonlardan çox azdır. Maliyyə çatışmazlığı inkişaf etməkdə olan ölkələr arasında məyusluq yaradır və onlar öz ehtiyaclarının daha zəngin ölkələrin iqtisadi prioritetləri ilə kölgədə qaldığını söyləyirlər.
Burada bir məqama da toxunmaq istərdik. Ölkələrin qlobal iqlim maliyyəsi hədəfini müəyyənləşdirməyi nəzərdə tutan “Maliyyə ÇNL” adlanan builki ÇNL inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə proqnozlaşdırıla bilən və adekvat maliyyə axınlarını gerçəkləşdirmək məqsədi daşıyan Yeni Kollektiv Kəmiyyət Məqsədini tamamlamağa yönəlib. Bununla belə maliyyə əsas məsələ olsa da, qarşıya qoyulan müəyyən vəzifələrlə bağlı digər müzakirələr irəliləyişə kölgə salmaq təhlükəsi yaradır.
Yeri gəlmişkən, burada digər mübahisəli məsələ Qərb blokunun ötənilki konfransdan əvvəl razılaşdırılmış mətnləri canlandırmaq üçün atdığı addımdır. Təhlilçilər deyirlər ki, yeni elementlər təqdim etmək cəhdi diplomatik normaları pozua və danışıqlar aparan tərəflər arasında etimadı sarsıda bilər. Onlar xəbərdarlıq edirlər ki, bu cür hərəkətlər birliyə ən çox ehtiyac duyulduğu bir vaxtda parçalanmaların daha da dərinləşməsi riski daşıyır.
Xatırladaq ki, COP29-un ev sahibi kimi Azərbaycan ötən müddətdə məhsuldar dialoq üçün əlverişli mühit yaratmaq üçün yorulmadan çalışıb. Ölkə müzakirələrin aparılmasında fəal rol oynayıb, lakin bir çox əsas qərarlar onun nəzarətindən kənarda qalıb. Bu istiqamətdəki səylərə baxmayaraq, Qərb Bloku ilə Qlobal Cənubun prioritetləri arasında uçurum geniş olaraq qalır və bu, beynəlxalq iqlim diplomatiyasının üzləşdiyi daha geniş problemləri əks etdirir.
Onu da deyək ki, Donald Trampın ABŞ prezidentliyinə qayıdışı yaxınlaşdıqca, danışıqlar aparan şəxslər COP29-dan əsas gözlənti olan iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfini (NCQG) başa çatdırmaq üçün fürsət pəncərəsinin daraldığını dəqiq bilirlər. Bir çoxları iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərin Donald Tramp administrasiyası dövründə əhəmiyyətli uğursuzluqlarla üzləşə biləcəyindən qorxur və bu, COP29 zamanı razılaşmanın əldə edilməsinin zəruriliyini daha da çətinləşdirir. Xüsusilə, Avropa ölkələri sürətli hərəkətə ehtiyac ətrafında birləşirlər. Onların ortaq baxışı vurğulayır ki, sürəti dayandırmaq və gələcək tərəqqiyə təhlükə yaratmamaq üçün indi güzəştə getmək lazımdır.
Təklif olunan irəliyə doğru yol hansıdır? Bu sualla bağlı, ilk növbədə, onu qeyd edək ki, gərginlik və aktuallıq fonunda irəliyə doğru potensial yol yaranıb. Təklif olunan həll NCQG-ni, təqribən, 300 milyard dollar səviyyəsində təyin edəcək. Bu rəqəm inkişaf etməkdə olan ölkələrin gözləntilərindən xeyli aşağı olsa da, gələcək müzakirələr üçün əsas ola bilər. Bu vəsaitlərin bölüşdürülməsi üçün çərçivə, o cümlədən konkret yumşaldılma və uyğunlaşma tədbirləri sonrakı görüşlərdə müzakirə olunacaq. Bu yanaşma bütün tərəflər üçün ədalətli və davamlı nəticələrin gerçəkləşdirilməsi kimi daha geniş məqsədlə irəliləyişi reallallaşdırmağı balanslaşdırmaq niyyəti daşıyır.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, iqtisadçı-alim alim Fikrət Yusifov mövzu ilə bağlı açıqlamasında qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün böyük həcmdə maliyyə vəsaiti tələb olunduğunu bildirib. O, eyn zamanda, Azərbaycanın COP29 tədbiri çərçivəsində atdığı mühüm addımlardan birinin inkişaf yolu keçən ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması olduğunu vurğulayıb.
İqtisadçı-alim daha sonra deyib: “Fondun kapitalının mədən yanacağı istehsal edən ölkələrin, eləcə də neft-qaz və kömür hasilatı ilə məşğul olan şirkətlərin maliyyə dəstəyi ilə formalaşdırılması nəzərdə tutulur. İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması COP29-un iş gündəliyinin bir hissəsi olaraq bu gün respublikamızın bu konfrans çərçivəsində elan edilmiş 14 təşəbbüsdən biridir. Fondun inkişaf etməkdə olan ölkələrdə təbii fəlakət nəticələrini operativ şəkildə aradan qaldırmaq üçün güzəştli və qrant əsaslı dəstəyi gerçəkləşdirən xüsusi texniki imkanlarının yaranması nəzərdə tutulur. Azərbaycanın təşəbbüskarı və təsisçi donoru olduğu fond 1 milyard dollar həcmində ilkin vəsait toplayıb 10 səhmdar ölkənin donor kimi fonda qoşulmasından sonra fəaliyyətə başlayacağı nəzərdə tutulur”.
F.Yusifov İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun qarşıda duran hədəflərini hansı səviyyədə reallaşdıra biləcəyinə dair ehtimallar haqqında da danışıb: “Fondun formalaşmasında fəallığın olacağı bir o qədər də inandırıcı görünmür. Ən azından ona görə ki, ölkələrin əksəriyyəti indiyə qədər bu məsələdə yetərincə passivlik nümayiş etdiriblər. Bunun əsas səbəbi isə onların məsələyə başqa prizmadan baxması ilə əlaqəlidir. Bir sözlə, ortada tərəflərin “problem nə qədər ki, mənim qapımı döymür, mən onun həllinə nədən indidən vəsait xərcləyim” kimi elan olunmayan bir yanaşması var. Digər tərəfdən, böyük həcmdə yanacaq hasil edən ölkələrdən hansınınsa problemin həlli ilə bağlı addımlar atmaması və ya bu məsələdə lənglik nümayiş etdirməsi digər dövlətləri də passiv mövqeyə sürükləyə bilir”. Mütəxəssis onu da vurğulayıb ki, maliyyə çatışmazlığı səbəbindən istiləşmənin qarşısı alınmasa, bu, yüz milyonlarla insanın həyatını itirməsi riski deməkdir.