AZ

Cəhənnəm fiti - Səsi eşidən alimlər qorxularından ağlayıblar və hər şeyi unudublar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tədqiqatçılar asteklər dövründə insan kəlləsi formasında hazırlanmış və qışqırığa bənzər səs çıxaran gil fitlərin insan şüuruna təsir edə biləcəyini, təşviş yaratdığını və qorxunu artıra biləcəyini aşkar ediblər. Hətta bunu ilk edən iki alim o qədər qorxub ki, ağlayıb və bir daha heç vaxt ona üfürməyəcəklərinə and içib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Communications Psychology" jurnalında dərc edilən məqalədə bildirilir.
"Astek ölülər dünyası"nın sərt küləkləri
Bugünkü Meksikanın yerli xalqları tərəfindən yaradılan artefakt ilk dəfə 1999-cu ildə arxeoloqlar tərəfindən qədim Tlatelolko şəhərindəki Quetzalkoatl məbədində qazıntılar apararkən aşkar edilib. Bu yerdə asteklər insanları qurban verirdilər. Təəccüblü deyil ki, alimlər məzarda başı kəsilmiş bir gəncin qalıqlarını tapıblar. Onun əlində gildən hazırlanmış kəllə formasında kiçik bir fit olub.
Bundan sonra bənzər əşyalar digər məzarlarda, əsasən Astek sivilizasiyası ilə əlaqəli yerlərdə tapılmağa başlayıb. Əvvəlcə arxeoloqlar bunun sadəcə sadə ritual bəzəyi olduğunu düşünüblər, lakin sonra artefaktlar müqayisə edilib və onlardakı dəliklərin musiqi alətlərində olduğu kimi eyni şəkildə düzəldildiyi görülüb.
Sonra alimlər 3D çap texnologiyasından istifadə edərək bu əşyanı orijinal formada yenidən yaratmağa qərar veriblər. Ona üfürməyə cəsarət etdikdə isə heyrətə gəliblər: çıxan səs insanın ürəkparçalayan qışqırığına bənzəyib.
Artıq 25 ildir ki, elm adamları asteklərin bu "ölüm fitlərindən" (alimlər onları belə adlandırırılar) nə üçün istifadə etdikləri barədə mübahisə edirlər. Bəziləri hindlilərin döyüşdə düşməni qorxutmaq üçün onlardan istifadə etdiyini düşünürlər. Digərləri isə fitlərin əsasən qurban verilənlərin skeletləri yanında tapıldığına diqqət çəkir və buna görə də, onların mərasimdə rol oynadığını düşünürlər.
Onların çıxardığı səsin "Astek ölülər dünyası"nda əsən sərt küləkləri simvolizə etdiyi və külək tanrısı "Ehecatl"ı təcəssüm etdirdiyi versiyası da irəli sürülüb.
Təcrübə iştirakçıları hər şeyi unudurlar
Sürix Universitetinin (İsveçrə) alimləri "ölüm fitləri"nin çıxardığı siqnalların insan beyninə necə təsir etdiyini təcrübi yolla yoxlamağa qərar veriblər. Alimlər könüllüləri dəvət edib və onların üzərində bir sıra testlər aparıb, onların neyronlarının və psixikasının edilmiş audio yazılara reaksiyasını qeydə alıblar. Bu zaman sınaqdan keçirilənlər eşitdikləri səslərin mənbəyinin nə olduğunu bilməyiblər.
Təcrübə iştirakçıları qeyd ediblər ki, səslər onlar tərəfindən təbii və süni arasında bir şey kimi qəbul edilib, qorxudub və çəkindirib.
Sınaqdan keçirilənlərin beyinlərinin müşahidəsi eşitmə şöbələrində neyronların aktivliyinin artması qeydə alınıb. Bəzi iştirakçılar o qədər qorxurdular ki, bundan əvvəl fikirlərini məşğul edən hər şeyi unudublar və yalnız bu siqnala diqqət yetiriblər.
Qorxu və ehtiram
Ən maraqlı nəticə budur. Beyin bu səsi həm təbii, həm də süni kimi qəbul etdiyi üçün dinləyicinin diqqətini tamamilə cəlb edir, beyini onu daha diqqətlə emal etməyə məcbur edir, bu isə emosional qavrayışı gücləndirir. Bundan əlavə, zehni işi də işə salır: Bəs bu nə üçün ola bilər?
Bu artefaktlar ən çox astek məzarlıqlarında tapıldığı üçün alimlər bu fitlərdən dini rituallarda, xüsusilə qurbanvermə mərasimlərində və ölmüş insanlarla bağlı mərasimlərdə istifadə edildiyi qənaətinə gəliblər.
Tədqiqatın müəllifləri güman edirlər ki, fitlər ölümcül ritualın qurbanlarında qorxu, mərasimə tamaşaçı kimi qatılanlarda isə ehtiram yaratmaq üçün nəzərdə tutulub.
"Beləliklə, kəllə fitləri dinləyicilərə müəyyən psixoaffektiv təsir göstərən unikal səs alətləri kimi görünür. Astek icmaları bu səslərin qorxuducu, qışqırığa bənzər xüsusiyyətindən faydalana bilərdilər", - deyə alimlər qeyd edirlər.
Seçilən
89
16
oxu.az

10Mənbələr