AZ

Bumeranqın yaşıl yumruq effekti

COP29-u gözdən salmağı hədəfləyənlər Azərbaycanın imicini daha da möhkəmləndirdilər

İstər COP29-a hazırlıq dövründə, istərsə də BMT-nin bu nüfuzlu iqlim sammitinin keçirildiyi günlərdə Azərbaycana qarşı müxtəlif ölkə, təşkilat, erməni lobbisinin şəbəkələndirdiyi media qurumları tərəfindən qısqanclıq, paxıllıq və riyakarlıqdan yoörulmuş təhdidlərin şahidi olduq. Müxtəlif mərkəzlərdən idarə olunan və maliyyələşdirilən anti-Azərbaycan şəbəkəsinin qarayaxma kampaniyası konkret məqsədlərə çatmağı hədəflədiyi sirr deyildi. 

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən, 23 saatlıq antiteror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra bölgədə söz, nüfuz və güc sahibinə çevrilməsini həzm edə bilməyənlərin “çete”si BMT-nin ən genişmiqyaslı tədbirini– COP29-u Bakıya təzyiq və güzəştlər qoparmaq fürsəti kimi baxırdı. Bir çox hallarda xristian təəssübkeşliyi ilə “süslənmiş” ermənipərəst qüvvələrin çatmaq istədikləri əsas hədəflərdən biri nüfuzlu iqlim sammitinin ev sahibini belə beynəlxalq məqamda öz imicinə xələl gətirməyəcəyi düşüncəsi ilə tezbazar Ermənistanla sülh müqaviləsini imzalamağa məcbur etmək idi. Yalan, böhtan və dezinformasiya maşınını tam gücü ilə işə salmış haypərəst düşərgənin hədəfləri sırasına xalqımıza qarşı hərbi cinayətlər törətdiklərinə görə Bakıda həbsxanada istintaq altında olan keçmiş separatçıların sərbəst buraxılmasına nail olmaq, Qarabağı könüllü tərk etmiş  ermənilərin geriyə dönüşünü təmin etmək və bu yolla bölgədə yeni terrorizm və separatizm ocağını qalamaq, nəticədə özlərinin məkrli planlarını həyata keçirmək üçün “münbit geosiyasi, hərbi” kriminogen durum yaratmaq daxil idi. 

Onların “COP29-a total hücum” şərti kodu altında hazırladıqları “əməliyyat planı”nda neft-qaz sənayesinə malik ölkəmizi qeyri-real və ağlasığmaz öhdəliklərlə “yükləmək” və bu üsulla iqlim sammitini və deməli, Azərbaycanı gözdən salmaq da nəzərdə tutulmuşdu. 

Bəs, “kollektiv Qərb” və onun ətrafında fırlanan ermənipərəst “çete” COP29-la bağlı “nişangaha götürdüyü” hədəflərdən hansına çata bildi? Heç birinə! 

Əksinə, başlatdıqları Azərbaycana qarayaxma kampaniyası bumeranq effekti verərək, özlərinə qarşı çevrildi. Məkrli ideoloji ssenarinin müəllifləri BMT-nin qlobal iqlim sammitində iştirak etmək üçün dünyanın dörd tərəfindən Bakıya təşrif buyurmuş 76 (!) min qonaqla yanaşı, tədbiri və buradakı çıxışları canlı işləyən milyardlarla tamaşaçının gözündə özlərini biabır etdilər. COP29-a hazırlığın yüksək səviyyəsi, sammit iştirakçıları üçün yaradılan hərtəfəli şərəit, ərtaf mühitin problemləri ilə bağlı Bakıdan dünyaya ucadan ünvanlanan həyəcanlı çağırışlar ermənipərəst “xor”un səsini öz içində boğdu. Bakı Sammitinin möhtəşəmliyi qarşısında diz çökən “kollektiv Qərb” bumeranq effektinin yaşıl yumruq effektinə çevrilməsini özü təmin etdi. Bu sonluq Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılışında söylədiyi proqnozları ilə tam üst-üstə düşdü. Dövlətimizin başçısının qəti və cəsarətli siyasəti sayəsində Azərbaycan bədxahların hücumlarına dirəniş göstərdi, reallığın gerçək üzünü beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bütün zəruri addımları atdı. Nəticədə qərəzli kampaniya ifşa olundu, Azərbaycan beynəlxalq tədbirlərdə yeni uğura imza atmaqla nüfuzunu daha da artırdı.           

Anti–Azərbaycan qaraguruhun “əməliyyat planı”nın tərkib hissələri sayılan hədəfləri indi keçmiş zaman şəkilçisi ilə qələmə almağımız bu planın tam fiaskoya uğraması kimi məntiqi nəticənin qramatik, onlar üçün isə dramatik sonluğudur.    

* * * 

Bir həqiqəti də təəssüf hissi ilə qeyd etməliyik ki, ermənipərəst düşərgəni dəstəkləyən və yemləyənlərdən biri də ABŞ Dövlət Departamenti, Co Bayden Adminstrasiyası oldu. 2024-cü ilin aprelindən etibarən Avropa İttifaqı– Fransa–ABŞ “üçlüy”ü Hayastanı siyasi, hərbi və maliyyə cəhətdən dəstəkləməklə məşğuldur. O da məlumdur ki, bizə qarşı aparılan bu hibrid təhdidlərin arxasında erməni diasporu və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları dayanır. Özlərini “demokrat” adlandıranlar iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə ən önəmli tədbirə – COP29-a ev sahibliyi edən Azərbaycana qarşı qərəzlərini açıq-aşkar nümayiş etdirdilər. 

Paris Sazişinin ən vacib maddəsi planetin üzləşdiyi iqlim problemlərinin aradan qaldırılması üçün maliyyə dəstəyinin verilməsidir. Bu dəstəyi isə dünyanın inkişaf etmiş dövətləri ayırmalıdır. BMT COP29-da Qərbdən 1 trilyon dollar gözlədiyi halda, bu düşərgə ortaya cəmi 250 milyard dollar qoya bildi. Həmin rəqəmi də qəsdən tədbirin sonuncu günü açıqladı ki, maliyyələşmə ilə bağlı əlavə müzakirələrə vaxt qalmasın. Yəni, bunun özü də Bakı İqlim Sammitinin ibrətamiz nəticələrindən biridir. Lanetin havasını karbon qazı ilə hamıdan çox zəhərləyən, bununla qlobal iqlim fəlakətinə səbəb olan Qərb öz məsuliyyətini başqalarının boynuna qoymağa çalışır. Avropa İttifaqına üzv ölkələrin bu möveyini Azərbaycana deyil, BMT-yə qarşı laqeyd və etinasız münasibəti kimi dəyərləndirmək olar.

* * *  

Artıq öz işini başa çatdırmış COP29-un nəticələrindən danışarkən, ilk növbədə, bunları qeyd etmək lazımdır: Azərbaycan BMT-nin iqlim sammitinə ev sahibliyi çərçivəsində ambisiyalı gündəlik formalaşdıraraq planetin üzləşdiyi problemlərin açıq və şəffaf şəkildə müzakirəsinə nail oldu; müzakirələr həm də onu göstərdi ki, inkişaf etmiş ölkələr kasıb və iqlim dəyişmələrindən ən çox əziyyət çəkən xalqlara cüzi kompensasiya ödəməyə də xəsislik edirlər. Bunun əvəzində isə, problemə ikili standartlı yanaşmanın, iqlim hədəflərinə xəyanətin, Bakıya qarşı COP29 fürsətindən yaralanaraq siyasi təzyiq formalaşdırmağa çalışıldığının şahidi olduq. Bütün bunlara baxmayaraq, Bakı İqlim Sammiti planetar miqyaslı bir tədbir olaraq, iştirakçıların coğrafiyası, sayı və əhatə dairəsinin genişliyi ilə yadda qalacaq.

Xülasə, yazımızın əvvəlinə qayıdaraq bir daha vurğulamaq istərdik ki, mədə traktında siyasi həzmetmə prosesi pozulmuş, COP29 öncəsi və tədbir zamanı Azərbaycana qarşı iyrənc, qərəzli, aşkar düşmənçilik xarakteri daşıyan kampaniyaya qoşulanlar bizim xeyrimizə işlədilər, deyə bilərik. Açıq etiraf etmək lazımdır ki, COP29-la bağlı son bir ildə ölkəmizə qarşı aparılan kampaniya “ideoloji diversiya” xarakterli olub, hibrid müharibənin ən eybəcər forması sayılmalıdır. Azərbaycan qlobal dünyamızın reallıqlarına ən adekvat şəkildə davranan dövlətlərdən biridir. Ölkəmizin uzun illər ərzində beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici xarici əlaqələrdə, dünya ilə təmaslarda mövqeyimizi gücləndirir, yeni uğurların üfiqlərini müəyyənləşdirir. Ayrı-ayrı ölkələr bu gün Cənubi Qafqazın lider dövləti olan, Avropa qitəsinin enerji təhükəsizliyinin əsas təminatçısı rolunda çıxış edən, qlobal layihələr sayəsində regionun əsas transmilli fabına çevrilmiş Azərbaycanla əməkdaşlığın onlara böyük dividendlər qazandırdığını görürlər. Onlar həm də Azərbaycanın imzaladığ bütün müqavilələr üzrə xarici tərəfdaşlar qarşısında götürdüyü öhdəliklərə sonadək sadiq qalacağına tam əmindirlər. Bu, hətta dünyanın inkişaf etmiş dövlətlərinin heç də hamısının qazana bildiyi reputasiya deyil.    

COP29-un ev sahibi kimi Azərbaycan bütün dünyaya sübut etdi ki, bəşəriyyəti  narahat edən məsələlərin müzakirəsi üçün əlverişli məkandır və o, qlobal tədbirləri yüksək səviyyədə təşkil edə və zəruri nəticələrin əldə olunmasına dəyərli töhfələr verməyə qadirdir. Məhz buna görə Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyən, Bakının irəli sürdüyü təşəbbüslərindən, yaratdığı real imkanlardan qarşılıqlı şəkildə faydalanmağa can atan dövlətlərin sayı gündən-günə artır. 

Əlbəttə, sadaladığımız bu amillər, eyni zamanda, dövlətimizin xarici arenadakı dost çevrəsini genişləndirir, ölkəmizə və xalqımıza rəğbət bəsləyənlərin sayını daha da artırır. Artıq arxada qoyduğumuz COP bizə dostlarımızı və bədxahlarımızı bir daha tanımaq imkanı verdi. Əminik ki, dost dediyimiz ölkələr etibarlı tərəfdaşları olan Azərbaycanın haqlı mövqeyinə bundan sonra da dəstək verməyi, maraqlarımızı müdafiə etməyi özlərinə borc biləcəklər.

İmran BƏDİRXANLI, 

XQ

Seçilən
22
xalqqazeti.az

1Mənbələr