PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatının (Liqa 1) 12-ci turu çərçivəsində “Tuluza”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Paris təmsilçisi doğma meydanda baş tutan bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.
Matçdan sonra baş tutan mətbuat konfransında Luis Enrike bunları söyləyib:
“Bu oyunu qazanmaq vacib idi. Az oynayan futbolçuların meydana çıxa bilməsi vacib idi və onlar yaxşı oynadılar. Eyni zamanda, səfərə gedib milli komandalarına qoşulan futbolçulara istirahət vermək də vacib idi və bunu bacardıq. Çətin bir oyun idi. “Tuluza” yaxşı oyun göstərdi. Onlar yaxşı işləyən bir komandadır. Rəqibin baş məşqçisi bizə çətinlik yaratmağı bilir. Ötən mövsümdəki üç oyunumuz da çətin idi, bu mövsümdə də elə oldu. “Tuluza” bir neçə fürsət yaratdı, amma bu gün biz bitirən tərəf olduq, iki orta sahə oyunçusu qol vurdu. Beraldoya görə də xoşbəxtəm. Düşünürəm ki, bu axşam üçün özümüzə qoyduğumuz bütün hədəfləri yerinə yetirdik”.
Bu oyunda komandasının ilk qolunu vurmuş Joao Neves də klub saytına açıqlama verib:
“Çətin oyun oldu, amma bunu qazana bildik. Düşünürəm ki, yüksək keyfiyyətlə oynadıq və məhz bu keyfiyyət bizə qələbə qazandırdı. Bəli, beynəlxalq fasilədən sonra Liqa 1-ə qayıtmaq həmişə çətindir, çünki futbolçuların milli komandalarla fərqli oyun vaxtları olur. Güvən baxımından, qələbə qazanmaq həmişə vacibdir, amma hər şeydən önəmlisi bu gecə qələbə ilə qazanma tərzimizdir ki, bu da bizə növbəti oyunlar üçün daha çox güvən verir”.