Azərbaycan Premyer Liqasının XIV turunun “Sumqayıt” – “Şamaxı” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– İnkişaf etmək istəyirik. Bugünkü qələbəni şəhərimizə hədiyyə edirik. Gözəl oyunla vacib üç xal qazandıq. Yaxşı komandaya qarşı mübarizə apardıq. Hər iki hissədə daha üstün idik və yaxşı oyun göstərdik. Futbolçularımı bu oyuna görə təbrik edirəm.
– Son 4 oyunda komanda 3 qələbə qazanıb. Uğursuz zolaqdan çıxdığınızı demək olar?
– Deməzdim. Hər oyun çətindir. Rahatlaşmamışıq, istədiyimiz futbolu nümayiş etdirmək istəyirik. Xallar qazanmaq çox vacibdir.
– Avrokuboklara vəsiqə üçün mübarizə gecdir, ya şanslar var?
– Avrokubok zonası haqda indi danışmaq düzgün olmaz. Amma hər komanda kimi biz də bunu istərdik. Hər oyun bugünkü kimi mübarizə aparsaq, yuxarı sıralarda ola bilərik.
– “Açıq qapı” günü olsa da, stadionda fanat az idi. Bunu nə ilə əlaqələndirərdiniz?
– Oyun axşam vaxtlarına düşdü deyə, azarkeş az oldu. İstəyirəm ki, fanatlarımız gəlsin və bizə dəstək olsunlar. Bilirəm ki, gəlməyən fanatların da ürəyi bizimlədir.
– Rəhim Sadıxov əvvəlki performansını qaytara biləcək?
– Əsas oyunçularımızdandır. Ona güvənirik. Ümid edirəm ki, növbəti oyunlarda onu daha yaxşı görəcəyik.
– Milli komanda haqda düşüncələriniz nədir?
– Milli hamımızındır. Hər şeyi etməliyik ki, futbolumuz, milli komandamız inkişaf etsin. Hamımız bununçün çalışmalıyıq
Nə lazımdırsa, etməliyik. Nöqsanlarımızla bir məxrəcə gəlib, inkişafa yol açmalıyıq.