AZ

"Yığmanı əsla təhqir etmək olmaz" - Vaqif Cavadov kimin bostanına daş atdı?

"Sumqayıt" Misli premyer-liqasının evdə keçirilən 14-cü tur matçında "Şamaxı"ya qalib gəldi - 2:1.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Sumqayıt camiəsini 75 illik münasibətilə təbrik edirəm. Şəhərimiz gündən-günə gözəlləşir və inkişaf edir. Biz də klub olaraq irəliləyirik. Üç xalı şəhərimizə həsr edirik. Qələbəmiz də şəhərimiz kimi gözəl oldu. Oyuna gəlincə, komandalar meydana qələbə qazanmaq üçün çıxdı. Yaxşı performansa və oyun tərzinə görə "Şamaxı"nı təbrik edirəm.

- Son 4 oyunda 3 qələbə qazanmısız. Bu, avrokuboklar uğrunda mübarizəyə qoşulmaq istəyinizdən xəbər verir?
- Bu barədə indidən nəsə demək istəməzdim. Xal ehtiyatımızı artırdıqca turnir cədvəlində irəliləyirik. Bir də gördüz ki, ilk "dördlük"dəyik. Amma pillə-pillə irəliləmək lazımdı. İstədiyimiz oyunu nümayiş etdirmək, azarkeşlərimizi sevindirmək istəyirik. Hər oyun bizim üçün çox vacibdi.

- Uğursuzluq zolağını geridə qoyduğunuzu düşünmək olar?
- İki-üç oyunda qələbə qazanmışıq deyə, arxayınlaşmamalıyıq. Düzdü, xallarımızın artması bizi rahatlaşdırır. Amma mübarizəyə davam etməliyik. Hər klub yuxarı pillələrdə qərarlaşmaq istəyər.
- "Açıq qapı" elan etmişdiz. Amma azarkeş sayı gözləntiləri qarşılamadı. Bu haqda nə deyə bilərsiz?
- Şükür Allaha, komandamız son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Azarkeşlərimizin bizə inandığını, yanımızda olmaq istədiklərini hiss edirik. Sabah məktəb var, yeni iş həftəsi başlayır. Oyun axşam saatlarında baş tutdu. Yəqin ki, səbəb budu. Arzulayırıq ki, tərəfdarlarımız stadiona gəlsin və bizi seyr etsin. Həm gələnlərə, həm də gəlməyənlərə təşəkkür edirəm.

- Rəhim Sadıxov gözləntiləri doğrultmur. Onun əvvəlki performansını bərpa edə biləcəyinə inanırsız?
- Bəli, Rəhim potensialı olan futbolçudu. Son oyunlarda çox istəkli çıxış edir. Uğur qazanmaq istəyir. Belə davam etsə, yenidən qollar vuracağına inanırıq.

- Yığma Millətlər Liqasında uğursuzluq yaşadı. Bəzi baş məşqçilər yığmanın acı məğlubiyyətlərini şərh etmək istəmir. Bu barədə siz nə deyə bilərsiz?

- Böyük ehtimalla, həmin baş məşqçilər sırasında məndən daha təcrübəliləri də var... Milli hamımızın millisidi. Yeri gələndə tənqid etməliyik, Futbol camiəsi - azarkeşlər, mütəxəssislər, media nümayəndələri, qısası, hər kəs nöqsanlardan danışmalı, komandanın uğurlu olması üçün ortaq məxrəcə gəlməlidi. Amma yığmanı əsla təhqir etmək olmaz. Bu gün millimizin yanında olmalıyıq.

KƏNAN BAHADIR

Seçilən
19
football-plus.az

1Mənbələr