AZ

Vaqif Cavadov: “Qələbəni Sumqayıtın yubileyinə həsr edirik”

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu qələbəni Sumqayıt şəhərinin 75 illik yubileyinə hədiyyə edirik. Gözəl oyunla vacib 3 xal qazandıq. Yaxşı komandaya qarşı mübarizə apardıq. Hər iki hissədə daha üstün idik və yaxşı oyun göstərdik. Futbolçularımı bu oyuna görə təbrik edirəm.

Hər oyun çətindir. Rahatlaşmamışıq. İstədiyimiz futbolu nümayiş etdirmək istəyirik. Xallar qazanmaq çox vacibdir. Avrokubok zonası haqda indi danışmaq düzgün olmaz. Amma hər komanda kimi biz də bunu istərdik. Hər oyunda belə mübarizə aparsaq, yuxarı sıralarda ola bilərik. İstəyirəm ki, fanatlarımız gəlsinlər və bizə dəstək olsunlar. Bilirəm ki, gəlməyən fanatların da ürəyi bizimlədir”.

Vaqif Cavadov Azərbaycan milli komandasının son uğursuzluqlarına dair suala isə belə cavab verib:

“Milli hamımızındır. Hər şeyi etməliyik ki, futbolumuz, milli komandamız inkişaf etsin. Hamımız bunun üçün çalışmalı,
nə lazımdırsa, etməliyik. Nöqsanlarımızla bir məxrəcə gəlib, inkişafa yol açmalıyıq”.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün şəhərin 75 illiyi idi. Maraqlı və dinamik oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Yaxşı mübarizə gedirdi. Oyun baxımından razı qaldım. Sadəcə, bir xalı çıxarmalıydıq. Çox təəssüf ki, qapımızda yenə penalti gördük. Top təsadüfən futbolçumuzun əlinə dəydi. Ondan qabaqkı epizodu qola çevirsəydik, hər şey başqa cür olacaqdı. Məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşacağıq”.

Seçilən
21
arena.az

1Mənbələr