Məlum olur ki, taksi sürücüsü Bakıda Afrikadan gələn əcnəbi qonağı aldadıb və ondan paytaxtın mərkəzinə gətirərkən 139 manat alıb...
Tezadlar.az xatırladır ki, “Caliber” belə bir məlumat yayıb. Sən demə, Bakı Beynəlxalq Hava Limanından paytaxtın mərkəzinə gediş Afrika təmsilçisinə 139 manata başa gəlib. Azərbaycanın Daxili İşlər Nazirliyi Burundidən olan qonağın şikayətinə operativ reaksiya verərək, iki saat ərzində taksi sürücüsünü saxlayıb. Pul isə şikayətçiyə geri qaytarılıb. Faktla bağlı araşdırma aparılır.
XXX
Ötən gün Ağ Şəhər bulvarında Orta Asiya respublikalarından olan bir nəfər də mənə yaxınlaşdı... Salam verdikdən sonra rus dilində dərdinu danışdı. Məlum oldu ki, Bakı Beynəlxalq Aeroportundan mərkəzə gəlmək üçün avtobus axtarıb, növbətçilər bildirib ki, avtobus yoxdur, o da məcbur olub "Badımcan" taksilərdən birinə minib, şəhərə gəlmək ona 42 manata başa gəlib... Sonra bildirdi ki, təyyarə biletini əvvəldən alıb ( göstərdi), amma aeroporta getməyə pulu qalmayıb. Ona lazımi köməyimizi etdik, məsləhət gördük ki, Səməd Vurğun bağına getsin, ordan 16 saylı avtobus aeroporta gedir, aeroporta təxminən 1-2 manata gedə biləcək...
XXX
Bəli, COP29- la bağlı Bakıya çoxminli qonaqlar gəldilər, getdilər... Adi bir fürsətdən istifadə qonaqların yaddaşında qalandır. Azərbaycan rəhbərliyi gerçəkdən dünyanı özünə çəkən bir beynəlxalq tədbiri uğurla həyata keçirdi, dünya bizə həsəd apardı. Hətta paxıllarımızın ürəyi tutdu, qərəzlilər əleyhimizə danışmaqla hirsini soyutdu... Gəlin biz də Bakıya gələn, şəhərimizi gəzən qonaqlara qarşı diqqətli olaq, onların qonaq olması fürsətindən bəhrələnməyək, əksinə, onlara qayğı göstərək... Çünki atılan hər bir addımımız Azərbaycanın adınadır!
Adımızı qoruyaq!
A.Məmmədli