"Apple" İndoneziyada yeni iPhone modellərinin satışına qoyulan qadağanı qaldıra bilmədi.
Valyuta.Az xəbər verir ki, bu barədə yerli "Antara News" agentliyi məlumat yayıb.
Xatırladaq ki, "Apple" İndoneziya iqtisadiyyatına təxminən 100 milyon dollar investisiya təklif edib ki, hökumət yeni "iPhone"ların satışına qoyulan qadağanı ləğv etsin. Lakin yerli hökumət nümayəndəsi bu təklifi rədd etdiklərini bildirib: "Əlbəttə, biz istəyirik ki, bu investisiyalar daha böyük olsun."
Qanuna əsasən, İndoneziya bazarında satılan smartfonların 40 faizinin yerli komponentlərdən ibarət olması tələb olunur. Bu göstəricini təmin edə bilməyən istehsalçılar iqtisadiyyata maliyyə yatırımları etməlidir. "Apple" noyabr ayında 10 milyon dollar investisiya təklif etmiş, lakin yeni "iPhone"ların satışına qadağa qoyulduqdan sonra bu məbləği 10 dəfə artırmışdı.
Agentliyin jurnalistləri qeyd ediblər ki, bu ilin aprelində "Apple" şirkətinin rəhbəri Tim Kuk (Tim Cook) İndoneziyaya səfər edərək ölkədə cihaz istehsalı təşkil etmək istəyini dilə gətirmişdi. Həmin vaxt Kuk belə demişdi: "İndoneziyanın investisiya imkanları sonsuzdur." Lakin hazırda şirkət yalnız "AirPods Max" qulaqlıqları üçün detalların istehsalını təşkil etməyi planlaşdırır. Bu istehsalın 2025-ci ilin yayında başlaması gözlənilir.
Qeyd edək ki, oktyabr ayının sonunda İndoneziya hökuməti ölkədə yeni "iPhone"ların satışını qadağan edib. "Bloomberg" mənbələri bildirir ki, "Apple" yerli hökumətlə münaqişə yaratmaq istəmir.
Rəhim