AZ

Premyer Liqa: “Sabah”la “Şamaxı”nın 3 xal həsrəti 7 oyuna çatdı

Həftəsonu keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 14-cü turu geridə qaldı.

Hesabat turunda turnir cədvəlində demək olar ki, ciddi dəyişikliklər qeydə alınmadı. Arena.az 14-cü turun yaddaqalan və diqqətçəkən məqamları ilə sizi də tanış edir:

“Kəpəz” – “Araz-Naxçıvan” 0:2

“Araz-Naxçıvan” səfərdə qarşılaşdığı autsayder “Kəpəz”lə oyunda növbəti qələbəsini qazandı. Bu nəticə mövsümün sürpriz komandasının hazırda yüksək formada olduğunu bir daha göstərdi. Oyun ərzində “Araz-Naxçıvan” hücumda daha dominant göründü, “Kəpəz” isə müdafiədə böyük boşluqlar verdi. İlk qolu erkən vurmaqla üstünlüyü əldə edən qonaqlar oyunun idarəsini əllərində saxladılar və ikinci hissədə fərqi artıraraq qələbəni möhkəmləndirdilər. Ardıcıl 4-cü, cari mövsümdə 10-cu qələbəsini qazanan Elmar Baxşıyevin komandası hazırda 33 xalla ikinci pillədə qərarlaşıb. 11-ci məğlubiyyətini alan “Kəpəz” isə turnir cədvəlindəki vəziyyətini daha da çətinləşdirdi.

“Səbail” – “Qarabağ” 0:3

“Qarabağ” bu turda da öz liderliyini təsdiqlədi. “Səbail” ilk hissədə nisbətən yaxşı müdafiə olunsa da, ikinci hissədə son çempionun təzyiqinə davam gətirə bilmədi. Bir hissəyə vurulan 3 qol “Qarabağ”ın hücum xəttinin gücünü göstərdi. Ağdam təmsilçisi hazırda 34 xalla zirvədə qərarlaşsa da, əsas izləyicisi “Araz-Naxçıvan”ı 1 xal qabaqlayır. Amma Qurban Qurbanovun komandasının ehtiyatda da oyunu var. Yeni baş məşqçisi Cavid Hüseynovun rəhbərliyi altındakı ilk oyununda darmadağına üzülən “Səbail” isə çempionatın aşağı sıralarında qalmağa davam edir. 10-cu yenilgisini alan paytaxt təmsilçisi daha yaxşı nəticələr üçün ciddi dəyişikliklərə ehtiyac duyur.

“Neftçi” – “Zirə” 2:1

Turun ən maraqlı oyunlarından biri “Neftçi” ilə “Zirə” arasında baş tutdu. Mərkəzi oyuna “Neftçi” daha fəal başlayaraq ilk hissədə qol vurdu. “Zirə” ikinci hissənin əvvəlində bərabərliyi təmin etsə də, meydan sahiblərinin qələbə qolunu vurmasına mane ola bilmədi. Nəticədə “ağ-qaralar” cari mövsümdə keçirdiyi 14-cü oyunda 2-ci (!) qələbəsini bayram etdi. Özü də necə! Bu nəticə “Neftçi”nin turnir cədvəlində bir qədər irəliləməsinə kömək etdi, “Zirə” isə dördüncü pillədə qərarlaşıb.

“Turan Tovuz” – “Sabah” 1:1

Gərgin və mübarizəli keçən oyun zamanı hər iki komanda imkanlarını düzgün dəyərləndirməyə çalışdı. İlk hissə qol vurulmadan başa çatsa da, ikinci hissədə hər iki tərəf qol vurmağı bacardı. Hər iki komandanın mübarizəsi rəqiblərinə güclü mesaj göndərdi, lakin bərabərlik hər iki komanda üçün ən yaxşı nəticə olmadı. “Turan Tovuz” 3-cü sırada qalsa da, liderlərdən xal baxımından bir qədər aralı düşdü. Kurban Berdıyevin komandası ardıcıl 3 oyundur heç-heçə ilə kifayətlənir. “Sabah” isə 5-ci sıradadır və bu gedişlə mükafatçılar sırasına qayıtması çətin olacaq. Krunoslav Renduliçin komandası 7 oyundur 3 xala həsrətdir. Masazır təmsilçisi bu görüşlərdə 2 məğlubiyyətə üzülübsə, 5 heç-heçə ilə kifayətlənib.

“Sumqayıt” – “Şamaxı” 2:1

Sumqayıtın 75 illik yubileyi günündə meydana çıxmış “Sumqayıt” bu matçda yaxşı oyun nümayiş etdirdi. Düzdür, oyunda hesabı qonaqlar açdılar. Amma hər hissədə bir qol vurmağa nail olan sumqayıtlılar əzmkar qələbə qazanmağı bacardılar. Beləcə, Vaqif Cavadovun kollektivi şəhərin yubileyinə ən böyük hədiyyəni vermiş oldular. Bu nəticə komandanın alt sıralardan uzaqlaşmasına da kömək etdi. “Şamaxı” isə mövqeyini yaxşılaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki “Sabah” kimi, Ayxan Abbasovun komandası da Premyer Liqa çərçivəsində keçirdiyi son 7 oyunda 3 xala həsrətdir. Əyalət təmsilçisi bu oyunarda cəmi 2 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Qeyd edək ki, növbəti turun oyunları 29 noyabr – 1 dekabr aralığında keçiriləcək.

Premyer Liqa
15-ci tur
29 noyabr

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Mərdəkan. “Dalğa Arena”, 16:00.

“Sabah” – “Səbail”
“Masazır Arena”, 19:00.

30 noyabr

“Şamaxı”– “Kəpəz”
Şamaxı şəhər stadionu, 14:30.

“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 17:00.

1 dekabr

“Neftçi” – “Qarabağ”
Bakı. “Neftçi Arena”, 19:00.

Seçilən
11
arena.az

1Mənbələr