AZ

Nadir qızıl sikkə hərracda 1,44 milyon dollara satılıb

20 dollar nominal dəyəri olan və "ikiqat qartal” kimi tanınan nadir qızıl sikkə Cənubi Kaliforniyada keçirilmiş hərracda alıcı komissiyası daxil olmaqla 1,44 milyon dollara satılıb.

Bu barədə "Associated Press” (AP) məlumat yayıb.

Nevada ştatının Karson-Siti şəhərində 1870-ci ildə zərb edilmiş sikkə "Stack's Bowers Galleries” hərrac evinin ekspertlərinin bildirdiyinə görə, ilkin 3 789 ədəddən qalan cəmi 40-50 nüsxədən biridir.

Bernard Riçardsın kolleksiyasına aid olan sikkənin alıcısı anonim qalmağı üstün tutub. "Professional Coin Grading Service” tərəfindən öz növündə ən yaxşı hesab edilən bu sikkənin qiyməti gözlənilən 2 milyon dollar həddini keçməyib.

Sikkə tarixi üzrə ekspert Con Kralyeviçin sözlərinə görə, COVID-19 pandemiyası dövründə kolleksiya sikkələrinə maraq önəmli dərəcədə artıb. O əlavə edib ki, bu sikkə təxminən 30 illik müəyyənsizlikdən sonra "kölgədən çıxıb” və kolleksionerlər arasında ajiotaj yaradıb.

Agentlik xatırladıb ki, sonuncu dəfə bu sikkə 1986-cı ildə cəmi 23 100 dollara satılmışdı. Sikkənin dəyəri onun qızıl ekvivalentindən xeyli yüksəkdir: bir unsiyadan az olan qızılın dəyəri cəmi 2 600 dollar təşkil edir.

Qeyd edək ki, 20 dollar nominal dəyəri olan sikkənin "ikiqat qartal” (Double Eagle) adı almasının səbəbi onun buraxılışından əvvəl ABŞ-də ən böyük qızıl sikkənin 10 dollar nominal dəyəri olan "qartal” (Eagle) adlanmasıdır. 1849-cu il Kaliforniya Qızıl Hərisliyindən sonra tətbiq edilən yeni nominal dəyər iki dəfə artıq olub, buna görə də "ikiqat qartal” adını alıb.
 
 

Seçilən
12
1
7news.az

2Mənbələr