AZ

Atasını öldürən oğul qərardan narazıdır

Gəncədə qətl törətməkdə təqsirləndirilən Yusif Dadaşovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses noyabrın 27-nə təyin edilib.

 

Şikayət hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, hadisə 20219-cu il noyabrın 15-də Gəncə şəhəri Cavadbəy Şıxlinski küçəsində baş verib. Əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Yusif Dadaşov sərxoş vəziyyətdə yaşadığı evə gələrək atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovla mübahisə edib.

 

Mübahisə nəticəsində Yusif Dadaşov mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirib.

 

Mübariz Dadaşov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Yusif Dadaşov saxlanılıb.

 

İstintaq araşdırması zamanı baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

 

Oğul fəhlə, atası isə usta işləyir imiş. Mərhum evə içkili halda gələn oğluna “piyansan, get yat, sabah işə gedəcəksən” deyib. Nəticədə ata ilə oğul arasında mübahisə baş verib. Bu zaman oğul bıçaqla Mübariz Dadaşova zərbə endirib.

 

İstintaq orqanı tərəfindən Yusif Dadaşovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkum həmin hökmdən apellyasiya şikayəti verməyib. Bir qədər sonra Yusif Dadaşov Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarından apellyasiya şikayəti vermək hüququdan istifadə etmək əvəzinə, 04 sentyabr 2023-cü il tarixdə yenidən hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət verib. Gəncə Ağır Cinayətlər Məhkəməsi təkrar olaraq vəsatətə baxıb və 29 noyabr 2023-cü il tarixli qərarla vəsatəti rədd edib.

 

Kamal Məmmədov

 

 

Tarix: 25 Noyabr 2024, 10:22   
Seçilən
7
pravda.az

1Mənbələr