"Embafinans" BOKT QSC kapital bazarından 4 milyon manat borc alır.
Marja.az xəbər verir ki, Şirkət hər birinin nominal dəyəri 1000 manat olan 4 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxır.
BOKT “Embafinans” QSC əsasən riteyl və mikro biznes kredit bazarında fəaliyyət göstərir. Hazırkı dövrdə kredit təşkilatlarına əsas təsir edən faktorlar olan bazar riskləri və portfel keyfiyyəti kimi faktorlar BOKT “Embafinans” QSC-də qənaətbəxş idarə olunur. Belə ki təşkilatın portfelində prospektin hazırlandığı tarixə valyuta riski yaradacaq kreditlər yoxdur və kredit portfeli milli valyutada formalaşdırılmışdır. Kredit portfelinin 30 gündən çox gecikmə nisbəti göstəricisi 5% ətrafında idarə olunur.
İstiqrazların faiz dərəcəsi
İstiqrazların faizlərinin və dəyərinin ödənilmə tarixi və müddəti: 1-ci buraxlış üzrə istiqrazlar üzrə illik faiz dərəcəsi 12.5% təşkil edir. 2-ci buraxılış üzrə istiqrazların illik faiz dərəcəsi yekun şərtlər ilə müəyyən olunacaq. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir. Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti iş günü ödənilir. Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçirilir. İstiqrazların nominal dəyəri sonuncu kupon ödənişi ilə birlikdə ödəniləcəkdir.