AZ

“Qızları girov götürüb nikah bağlayırlar…” – Ərəblər Bakıya görün niyə gəlirlər

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

Bir neçə il əvvəl feysbuk hesabımda Aleksey Balabanovun “Qardaş” filmindən bir epizod paylaşmışdım. Bir nəfər şərh yazmışdı ki, bəs ruslar orada bizi alçaldıblar. Xeyli adam da onun fikrinə şərik çıxmışdı. Dedilər ki, bəs ruslar qafqazlılara üstdən-aşağı baxırlar. Nəsə çox üstələmədim, çünki söhbət uzanacaqdı. Ancaq bir məsələ yaddaşımın çəpərində ilişib qaldı. Demək ki, biz buna görə narahatıq. Pis təsir edir bizə.

Haradan yadıma düşdü bu? Deyim də.Səhərin gözü açılmamış video göndərdilər mənə. Gözümü ovuşdura-ovuşdura baxdım. Nə görsəm yaxşıdır… bir qadın küçədə gəzdiyi yerdə ərəbləri, pakiləri, hindliləri çəkir və bu millətlər haqqında nə gəldi danışır.

Mən o adamların bir neçəsini tanıyıram. Aralarında xeyli mədəni adam var. Təsəvvür eləyin, adamlar milli geyimdə olduqlarına görə belə təhqir olunurlar. Üstəlik, adamların öz geyim-kecimlərinə baxıram, tam qaqadı da. Saç-baş nə gündə. Hərçənd, geyimin yaxşı olsa belə, bu sənə kimisə alçaltmaq haqqı vermir.

Niyə belə olur? Çünki biz qırağa çıxan kimi kimliyimizi itiririk. “İti görüm, qurdu görüm, azərbaycanlını görməyim”. Düşüncə budur!

Xarici ölkəyə gedirsən, qarşılayan adam astadan pıçıldayır ki, bəs o tərəfdə azərbaycanlılar yaşayır, “moşennik” şeydirlər.

Biz özümüz özümüzü xaricdə fırıldaqçı kimi tanıyırıq və tanıdırıq.

Tək bizə demirlər haa. Ordakı başqa xalqlarla danışanda, onlara da belə deyirlər.

Bizə elə gəlir ki, ruslar bizə üstdən-aşağı baxmaqda haqsızdır, çünki biz ultramədəni xalqıq. Ancaq biz ölkəmizə gələn millətləri alçaltmaqda tam haqlıyıq.

Niyə bizə elə gəlir ki, başqa ölkələrdə, məsələn, Avropada bizə xoş yanaşırlar? Mədəni olduğumuzu düşünürlər? Yoxdur elə şey, əzizlərim. Ən yaxşı halda bizim ərəblərə, pakilərə yanaşdığımız kimi yanaşırlar bizə. Ən yaxşı halda…Həəə, hələ bir söhbət qalıb axı…

Makasinli qaqaşlar tiktokda canlı açır ki, bəs ərəblər namusumuza göz dikib. Ay nə bilim, qızlarımız ərəblərlə evlənir. Ərəblər onlara əxlaqsız təkliflər eləyib hotelə aparırlar. Bu fikirlərin alt qatında nə var?

Demək istəyirlər ki, biz bunları eləmək istəyirik, ancaq öz ölkəmizdə eləyə bilmirik. Adam hansısa ərəb ölkəsindən gəlib bizim eləmək istədiyimizi eləyir. Yəni bu fikirlərin altında bir qəzəb, hikkə var.

Heç kim heç kimə nəyisə məcbur eləmir. Heç kim heç kimlə zorla evlənmir. Heç kim heç kimin gicgahına silah tuşlayıb hotelə aparmır.

Bizimkilər də Rusiyada rus qızları ilə evlənirdilər, evlənirlər. Hətta burda evli ola-ola orda başqa həyat yaşayırdılar, yaşayırlar. Rusiya, Ukrayna ilə bağlı “zarafatlar”ı da hamımız yaxşı bilirik. Belə deyəndə deyirlər ki, orda qızlar özləri istəyir. Hə, orda hazır gözləyirlər, burdasa qızları girov götürüb nikah bağlayırlar…

Oyununuz olsun…

Hələ deyirlər ki, bəs onlar turist kimi gəlməyiblər, qalıcıdırlar. Siz guya getdiyiniz ölkəyə turist kimi gedirsiniz? Xüsusən də, sərhəd ölkələrinə. Ölkədən kim çıxır, getdiyi ölkədə daimi qalmaq üçün çıxır. Ölkə sizin evinizin içi deyil. Kim necə, hansı həyatı yaşamaq istəyirsə, yaşayacaq. Vaxtınız olanda siz də istədiyiniz həyatı yaşayın.

Ən azından, cəhd eləyin.

Seçilən
9
millitv.net

1Mənbələr