Bu gün, 25 noyabr Qadın Zorakılığına qarşı Mübarizə Günü olaraq qeyd olunur.
Avropa İttifaqı tərəfindən keçirilən sorğuya əsasən, gender bərabərliyi sahəsində əldə edilən irəliləyişlərə baxmayaraq, zərərli stereotiplər hələ də Şərq Tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda gündəlik həyatı formalaşdırmağa davam edir. Bu ölkələrdəki cəmiyyətlərdə qadınların və qızların bəzi sahələrdə iştirakının məhdudlaşdırılması və müəyyən stereotiplərə tabe tutulması, onların təhsil və peşə seçimlərini ciddi şəkildə təsir edir. Bu zərərli stereotiplərdən biri də “STEM – elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri qadınlar və qızlar üçün deyil” anlayışıdır. Bu cür düşüncə tərzi, qadınların bu sahələrdə fəaliyyət göstərmələrini çətinləşdirir və onların potensiallarının tam şəkildə inkişaf etməsinə mane olur.
"Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova QHT.az-a verdiyi özəl açıqlamada bu tarixin təsadüfən seçilmədiyini vurğulayıb. O, qeyd edib ki, 25 noyabr tarixi 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır. Həmin dövrdə, Dominikan prezidenti Rafəal Truxilinin əmri ilə siyasi fəallardan olan üç tibb bacısı vəhşicəsinə öldürülüb və bu hadisədən sonra 25 noyabr tarixini BMT Baş Assambleyası 1999-cu ildə Qadın Zorakılığına qarşı Mübarizə Günü olaraq elan edib.
Südabə Məmmədova həmçinin, Azərbaycanda qadın və kişi bərabərliyi ilə bağlı qanunların mövcud olduğunu, lakin buna baxmayaraq qadınlara qarşı zorakılıq hallarında artışın davam etdiyini bildirib. "Azərbaycan Respublikasında bütün qanunlar, o cümlədən gender bərabərliyi qanunları qadın və kişi arasında bərabərliyi təmin edir. Lakin təəssüf ki, qadınlara qarşı zorakılıq halları dayanmadan artır. Xüsusən, fiziki zorakılıq halları son zamanlar daha da çoxalıb. Ailə məişət zorakılığının bir neçə növü var: fiziki, iqtisadi, mənəvi və psixoloji zorakılıqlar," – deyə o, qeyd edib.
Südabə Məmmədova, həmçinin "Təmas" Regional İnkişaf İctimai Birliyinin fəaliyyətlərindən bəhs edib. Onun sözlərinə görə, təşkilatın nəzdində məişət zorakılığı qurbanları və insan alveri ilə mübarizə aparan bir mərkəz fəaliyyət göstərir. Mərkəz, həm dinləmə, həm də sığınacaq xidmətləri təklif edir. "Biz burada zorakılığa məruz qalan insanlara hüquqi, psixoloji və digər yardımlar təqdim edirik. O cümlədən təhlükəsiz sığınacaqla təmin edirik. Ümid edirik ki, zaman keçdikcə məişət zorakılığı halları azalacaq," – deyə o, sözlərini tamamlayıb.
Qeyd edək ki, qadın zorakılığına qarşı mübarizə, yalnız qanunlar və təşkilatların fəaliyyəti ilə kifayətlənməməli, cəmiyyətdəki bütün təbəqələrə təsir edən bir məsələyə çevrilməlidir. Cəmiyyətin hər bir üzvü, bu mövzuda daha fəal olmalı və zorakılığın qarşısını almağa çalışmalıdır.
Pərvanə Fərhadqızı
QHT.az