AZ

Güney Azərbaycanda daha bir tarixi bina məhv edilir: Təbrizin Darülfünunu

Güney Azərbaycanın Təbriz şəhərindəki tarixi Darülfünun məktəbi Nasirəddin şah Qacarın göstərişi və onun vəliəhdi Müzəffərəddin Mirzanın dəstəyi ilə 1896-cı ildə yaradılmış bu tarixi təhsil müəssisəsinin binası hazırda baxımsızlıq ucbatından məhv olmaq təhlükəsi ilə qarşılaşıb.

İran mediasında yayımlanan məlumatlara görə, bu tarixi bina hal-hazırda özəl mülkiyyət, Təhsil Nazirliyi və Mədəni İrs Təşkilatı arasındakı mülkiyyət iddiaları mübahisələri səbəbindən tamamilə diqqətdən kənarda qalıb və ayaqqabı anbarına çevrilib. Müzəffəriyyə məktəbi adı ilə də tanınan bu məktəbin binası hazırda Təbrizin Darayi prospektində, İran Milli Bankının arxasında yerləşir.

Məktəbin yerləşdiyi küçə hazırda Kargoşayi adlanır və bu küçədə Təbriz şəhərinin Yükdaşıma İdarəsinə məxsus kiçik bir nəzarət köşkü yerləşir. Küçə daha çox ticarət mallarının əl arabaları ilə daşınması üçün istifadə olunur. Həmin küçə bələdiyyənin nəzarəti altında olan və malların yüklənməsi və ya boşaldılması üçün müəyyən edilib.

Təbriz

Təbriz Darulfünun binası, Kargoşayi küçəsi

Darülfünun binası isə bu gün anbar kimi istifadə edilir. Tarixi binanın əsas qapı və pəncərələri müasir materiallarla təmir olunub ki, bu da binanın tarixi orijinallığını ciddi şəkildə zədələyib. Binanın girişində Şərqi Azərbaycan Təhsil İdarəsinin "Valideynlər və Müəllimlər Assosiasiyası"na aid bir lövhə yerləşdirilib ki, bu da göstərir ki, bina müəyyən dövrlərdə Təhsil Nazirliyinə bağlı qurumlar tərəfindən istifadə edilib. Tarixi binanın son görüntüləri divarlarının bir hissəsinin dağıldığını, bəzi hissələrinin isə sementlə örtüldüyünü və qeyri-peşəkar təmir işlərinin binaya ciddi ziyan vurduğunu göstərir. Nəticədə bu tarixi bina öz orijinallığını itirərək acınacaqlı bir vəziyyətə düşüb.

Təbriz

Təbriz Darülfünun Binası

Bu bina, İran mediasında qeyd edildiyinə görə, özəl mülkiyyətə malikdir və sahibinin xaricdə yaşadığı üçün bu mülkü vəkili vasitəsilə idarə etdiyi bildirilir. Təbriz Darülfünunu, Qacar dövründə təsis edildikdən sonra, Pəhləvi dövründə həmin dövrün Maliyyə və Mədəniyyət nazirlərinin razılığı ilə Şərqi Azərbaycanın İqtisadiyyat və Maliyyə İdarəsinə təhvil verilmişdir. Bu tarixi binanın real şəxsə necə təhvil verilməsi və ya satılması barədə ətraflı məlumat yoxdur. Ümumiyyətlə, bu binanın vilayətin maliyyə idarəsinə verilərək sonra isə real şəxsə verilməsinin səbəbi məlum deyil. Hər halda, Pəhləvi dövründə hakimiyyətin bu addımı bu tarixi əsərin qorunub saxlanmasına dövlət dəstəyinin olmamasından xəbər verir.

İranın Böyük Şəhərlər Bələdiyyələri Assosiasiyasının rəsmi veb saytında bu ilin yanvar ayında binanın mövcud təhlükəsizlik vəziyyətinin qənaətbəxş olmadığı qeyd edilərək, təmir və bərpa işlərinə ehtiyac duyulduğu bildirilmişdi. Bununla əlaqədar, həmin vaxt təmir işlərinin başladıldığı açıqlanmış olsa da, binanın məhv olma tendensiyasının dayandırılması üçün ciddi tədbirlər alınmadığı müşahidə olunur.

Təbriz

Təbriz Darülfünun binası, Darayi prospekti

Təbrizin ali təhsil təşkilatı olan Darülfünun, Tehran Darülfünunundan sonra ölkədə qurulan ikinci belə təhsil müəssisəsi olub və burada dövrün tanınmış alimləri, şairləri və həkimləri təhsil alıblar. Məktəbin fəaliyyət göstərdiyi Qacar dönəmində hər il 70-ə yaxın tələbə qəbul etdiyi bildirlir.

Yerli rəsmilər və mütəxəssislərin fikrincə, İran azərbaycanının, xüsusilə Təbrizin tarixi abidələrinin bir çoxu Pəhləvi və İran İslam Respublikası dövrlərində müxtəlif səbəblər, o cümlədən şəhər layihələri və mərkəzi hökumətin laqeydliyi səbəbindən məhv edilib. Azərbaycanlı milli fəalların bir hissəsi isə hesab edir ki, Təbrizdə tarixi abidələrin məhv edilməsi son yüz ildə genişmiqyaslı və sistematik şəkildə həyata keçirilib.

visiontv.az



Seçilən
21
visiontv.az

1Mənbələr