İsrail və Livan arasında uzun müddətdir davam edən müharibə başa çatmaq üzrədir.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Axios”-a açıqlama verən yüksək vəzifəli İsrail və ABŞ rəsmiləri, tərəflərin yekun razılaşmaya yaxınlaşdıqlarını bildiriblər. Atəşkəs müqaviləsindən sonra miqrasiya etmiş mülki şəxslərin öz evlərinə qayıtması gözlənilir. Müqaviləyə görə, 60 günlük keçid dövrünün yaradaılması nəzərədə tutulur.
Bu dövrdə razılaşmanın icrasına nəzarət ABŞ-nin rəhbərlik etdiyi nəzarət komitəsi tərəfindən həyata keçiriləcək. Həmin müddətdə İsrail ordusu Livanın cənubundan geri çəkilməli, Livan ordusu sərhəd bölgələrinə yerləşdirilməli, “Hizbullah” isə ağır silahlarını Litani çayının şimalına daşımalıdır. Bundan başqa, ABŞ İsrailə mümkün təhdidlərə qarşı təminat məktubu verməyə razılaşıb.
Qeyd edək ki, noyabrın 17-də Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə orderlər verdikdən sonra danışıqlar çətinləşib. Netanyahunun qərara qəzəbləndiyi və xüsusilə, Fransanın məhkəmə qərarını icra edəcəyini açıqlamasından sonra gərginliyin artdığı bildirilib.
ABŞ Prezidenti Cozef Bayden fransalı həmkarı Emmanuel Makronla telefon söhbətində gərginliyi aradan qaldırmağa çalışıb. Bayden Netanyahunun qəzəbinin haqlı olduğunu bildirsə də, Makron Fransanın Beynəlxalq Cinayət Məhkəməsi qarşısında qanuni öhdəliklərini yerinə yetirəcəyini bəyan edib.
Digər tərəfdən, ABŞ vasitəçisi Amos Hoçsteyn İsrailin konkret addımlar atmayacağı təqdirdə, danışıqlardan çəkiləcəyi ilə hədələyib. Netanyahu noyabrın 18-də yüksək səviyyəli görüşlə razılaşmaya doğru hərəkət etmək qərarına gəlib. Lakin hələ də həllini gözləyən bəzi məsələlər qalmaqdadır.
Netanyahunun razılaşmanı səsvermə üçün İsrail Təhlükəsizlik Kabinetinə təqdim etməsi gözlənilir. Pentaqonun Yaxın Şərq siyasətinin rəhbəri Den Şapiro da bu gün İsrailin müdafiə naziri İsrael Katz ilə görüşəcək. ABŞ rəsmiləri tərəflərin yekun razılaşmaya yaxınlaşdıqlarını təsdiqləsələr də, danışıqların hələ başa çatmadığı bildirilir.