BMT Baş Assambleyasının 1999-cu ilin dekabrında qəbul etdiyi qətnaməyə əsasən, hər il noyabrın 25-də Qadınlara Qarşı Zorakılıqla Mübarizə üzrə Beynəlxalq Gün qeyd olunur.
EDnews təşkilatın saytına istinadla xəbər verir ki, BMT-nin bu münasibətlər yaydığı müraciətdə qadınlara qarşı zorakılıqla mübarizədə daha təsirli tədbirlərin görülməsinin zəruriliyi qeyd olunub.
Müraciətdə deyilir: “Qadınlara və qızlara qarşı zorakılıq dünyada ən geniş yayılmış insan hüquqları pozulması halları sırasında yer alır. Qlobal miqyasda hər üç qadından biri həyatında ən azı bir dəfə fiziki və ya cinsi zorakılığa məruz qalır. 2023-cü ildə azı 51,100 qadın gender əsaslı zorakılığın son həddi olan qəddarcasına hərəkətlə, yaşadıqları kişilər və ailə üzvləri tərəfindən qətlə yetirilməklə üzləşib. Bu isə o deməkdir ki, hər 10 dəqiqədən bir dünyada bir qadın öldürülür”.
BMT qeyd edir ki, bu bəla müxtəlif şəraitlərdə, o cümlədən iş yeri və onlayn məkanlarda güclənib və münaqişələr, habelə iqlim dəyişikliyi ilə daha da şiddətlənib. Problemin həlli yolu təsirli cavab tədbirləri, günahkarları məsuliyyətə cəlb etmək, həmçinin mükəmməl milli strategiyalar və qadın hüquqları hərəkatlarına artan maliyyə vasitəsilə zorakılıq hallarına son qoymaqdır.
1993-cü ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması haqqında Bəyannamə çərçivəsində qadınlara qarşı zorakılıq “fiziki, cinsi və ya psixoloji zərərlə nəticələnən və ya nəticələnəcək hər hansı gender əsaslı zorakılıq aktı” kimi müəyyən edilir. Bu kateqoriyaya, həmçinin qadınlara əzab vermək, o cümlədən belə hərəkətlərlə hədələmə, məcbur etmə və ya özbaşına azadlıqdan məhrum etmə, ictimai və ya şəxsi həyatda baş verən digər neqativ hallar daxildir. Belə mənfi hallar təhsil, məşğulluq və imkanlar daxil olmaqla, həyatlarının bütün mərhələlərində qadınlara təsir göstərir.
BMT qeyd edir ki, qadınlara qarşı zorakılıq bərabərliyə, inkişafa, sülhə nail olmaq, eləcə də qadınların və qızların insan hüquqlarının həyata keçirilməsinə əngəl törətməkdə davam edir. Ümumilikdə Dayanıqlı İnkişaf Məqsədləri (SDG) qadınlara və qızlara qarşı zorakılığa son qoyulmadan yerinə yetirilə bilməz.